Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 11 may - Sputnik. "Biz Prezident İlham Əliyevlə görüşdə əlaqələrimizi kompleks şəkildə müzakirə etdik. Əməkdaşlığımızın genişlənməsi üçün yaxşı perspektiv var".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, son dörd ayda Azərbaycan və Rusiya liderləri bir dəfə görüşüb, beş dəfə telefonla danışıblar, bu gün isə C.Bayramovla geniş müzakirələr aparıb:
"Münasibətlərin daha da inkişafının perspektivləri müzakirə mövzusudur. Bu ilin 4 ayında bizim prezidentlər 5 dəfə telefonla danışıblar. Üçtərəfli bəyanatlara dair öhdəliklərin icrasını müzakirə ediblər".
XİN başçısı qeyd edib ki, hər iki ölkənin qurumlarının qarşılıqlı əməkdaşlığını yüksək qiymətləndirirlər:
"Pandemiya ilə əlaqədar bizim ölkələr arasında əmtəə dövriyyəsi bir qədər azalsa da, 3 milyard dollar təşkil edir. Bizim münasibətlərimiz, birgə layihələrimiz daha da genişlənəcək. Bizim iqtisadi operatorlarımız Azərbaycandakı iqtisadi sahədə də əməkdaşlığa hazırdır".
Nazir vurğulayıb ki, Rusiya ilə Azərbaycanın ali təhsil sahəsində də yüksək əməkdaşlığı var.
O bildirib ki, Rusiya istehsalı olan vaksinlərin birinci partiyası Azərbaycana gətirilib. Mayın sonunda ikinci partiyanın gəlməsi gözlənilir.
“Humanitar sahədə əlaqələrimiz genişlənir. Bu il Azərbaycanda Azərbaycan-Rusiya Regionlararası Forum keçiriləcək. Rusiyada isə Azərbaycan günləri keçiriləcək".