RUSİYA

Putin Rusiyanın Açıq Səma Müqaviləsindən çıxması haqqında qanun layihəsini Dumaya göndərdi

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə bildirib ki, parlament çərşənbə axşamı Aşağı Palata Şurasında Açıq Səma Müqaviləsinin denonsasiyası haqqında qanun layihəsini prioritet olaraq nəzərdən keçirəcək.
Sputnik

BAKI, 11 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bu ölkənin Açıq Səma Müqaviləsindən çıxması haqqında qanun layihəsini Dövlət Dumasına göndərib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla bildirir ki, bu barədə Rusiya parlamentinin aşağı palatasının məlumat bazasına informasiya yerləşdirilib.

Bir qədər əvvəl Putinin xarici işlər nazirinin müavini Sergey Ryabkovu məsələnin Fedaral Məclisdə müzakirəsində rəsmi nümayəndəsi təyin etdiyi xəbər verilmişdi.

Qeyd edək ki, Açıq Səma Müqaviləsi 1 yanvar 2002-ci il tarixində qüvvəyə minib və "soyuq müharibə"dən sonra Avropada sülhə inamın möhkəmləndirilməsi tədbirlərindən biri olub. Bu müqavilə iştirakçı üzv olan 34 ölkəyə bir-birlərinin silahlı qüvvələri və tədbirləri haqqında məlumat toplamağa imkan verir. Ötən ilin mayında ABŞ bu sazişdən çıxma proseduruna başlayıb və proses noyabrın 22-də başa çatıb.

Rəsmi Moskva isə bu ilin yanvarında sözügedən müqavilədən çıxdığını bəyan edib. Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Vaşinqtonun hərəkətləri digər dövlətlərin maraqlar balansını əhəmiyyətli dərəcədə pozur.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə bildirib ki, parlament çərşənbə axşamı Aşağı Palata Şurasında Açıq Səma Müqaviləsinin denonsasiyası haqqında qanun layihəsini prioritet olaraq nəzərdən keçirəcək.