DİN Sputnik Azərbaycan-da dərc olunan yazı ilə bağlı araşdırma apardı, faktlar təsdiqləndi

Müraciətdə göstərilən xüsusatlar yoxlanılaraq qeyd edilən şəxslərlə gələcəkdə analoji halların baş verməməsi üçün izahedici profilaktik söhbətlər aparılıb və onlara ciddi xəbərdarlıqlar edilib.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Bir neçə həftə öncə Sputnik Azərbaycan-da "SOS: Bakıda narkotikləri və əxlaqsızlığı təbliğ edən uşaq geyimləri satılır" başlıqlı yazıda bəzi "Instagram" səhifələrində narkotikləri təbliğ edən uşaq geyimlərinin açıq-aşkar satıldığı qeyd olunmuşdu. Bu geyimlər üzərində narkotik tərkibli bitkilərin təsviri əksini tapmaqla yanaşı, narkotikin leqallaşmasını tələb edən "High Times"ın adının əks olunduğunu da görmək mümkündür. Satıcılarla əlaqə saxladıqda onlar bundan xəbərdar olduqlarını, lakin çox satıldığı üçün həmin geyimləri satışdan çıxarmadıqlarını bildirmişdilər.

Sputnik Azərbaycan-ın müraciəti əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən araşdırma başlanılıb. Keçirilən zəruri tədbirlər nəticəsində narkotiki təbliğ edən uşaq geyimlərini satanlar və onları Azərbaycana gətirənlər Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub.

Müraciətdə göstərilən xüsusatlar yoxlanılaraq qeyd edilən şəxslərlə gələcəkdə analoji halların baş verməməsi üçün izahedici profilaktik söhbətlər aparılıb və onlara ciddi xəbərdarlıqlar edilib.

Qeyd olunub ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi daim bu istiqamətdə fəaliyyətini davam etdirir.

"Yetişən gənc nəslin, genefondumuzun məhvinə gətirən səbəblərdən biri də narkotiklərdir. Cəmiyyət olaraq birgə mübarizə aparmalıyıq ki, sabah bu bəla evimizə ayaq açmasın", - deyən DİN əməkdaşları mövzuya laqeyd qalmadığı üçün Sputnik Azərbaycan-a təşəkkür ediblər.