HADİSƏ

"Nur şəhəri" gecə boyu işıqsız qaldı - FOTO

Təbiət hadisəsi zamanı şəhərin bir neçə ünvanında irigövdəli ağaclar aşıb, avtomobillərin gediş-gəlişi çətinləşib.
Sputnik

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Ötən gündən Mərkəzi Aran bölgəsində dəyişən hava şəraiti bir sıra fəsadlara yol açıb. Mingəçevirdə güclü yağış, ardından külək bir neçə ünvanda nəhəng ağacları kökündən qoparıb. Sputnik Azərbaycan xəbər verir ki, şəhərin Dilarə Əliyeva küçəsində iri qovaq ağacı aşaraq bir neçə saat yolu bağlayıb. Bir müddət həmin küçədən avtomobillərin və piyadaların hərəkəti mümkünsüz olub. İri qovaq ağacı yolun digər tərəfində yerləşən şadlıq sarayına da ziyan vurub. Xoşbəxtlikdən, yaxınlıqdakı beşmərtəbəli bina zərər görməyib.

Şəhərin Nəriman Nərimanov prospektində aşan digər ağac avtomobillərin hərəkət etdiyi yola düşüb. Təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, avtomobillərin gediş-gəlişində ləngimələr yaranıb. Aidiyyatı qurumun əməkdaşları irigövdəli ağacların yola düşən hissəsini ərazidən təmizləyərək yaranmış çətinliyi nisbətən aradan qaldırıblar. Güclü külək nəticəsində Mingəçevirin bir neçə ünvanında elektrik enerjisinin verilişində də fasilələr yaranıb. Mingəçevir Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a bildirilib ki, küləyin yaratdığı fəsadlar aradan qaldırılır. Enerji verilişi isə artıq bərpa edilib.

* FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

* Umayra Tağıyeva: “Mayın 11-dən 14-dək havanın temperaturu gündən-günə yüksələcək