CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rokossovskiyə yox deyən Abdulla baba: "Şuşanın xəbərini eşidəndə dözə bilmədim" - FOTO

Yüz yaşlı veteran: “Arzulayırdım ki, ömrüm vəfa etsin, öz qələbəmizi görüm, Şuşanın azad edilməsi xəbərini eşidim.”
Sputnik

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Böyük Vətən müharibəsində qazanılan Qələbədə azərbaycanlılar da böyük pay sahibidirlər. 1941-1945-ci illərdə müxtəlif bölgələrimizdən 600 mindən çox qəhrəman azərbaycanlı müharibəyə qatılıb. Onlardan sağ qayıdanları da olub, döyüşdə dünyasını dəyişənləri də. 

Yevlax sakini Abdulla Abdullayev də gənc yaşlarından döyüşlərə qatılan həmyerlilərimizdən olub. O, 1921-ci ilin mayın 8-də Xaldan kəndində doğulub. 20 yaşında müharibəyə qatılaraq artilleriya bölməsində xidmətə yazılıb. Yevlax sakininin döyüş yolu 1941-ci ildə Stalinqraddan başlayıb. Ukrayna, Belarus ərazisində gedən ağır döyüşlərdə topçu kimi əlindən gələni əsirgəməyib. Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində Abdulla kişi həmin illəri kövrələrək xatırlayıb:

Rokossovskiyə yox deyən Abdulla baba: "Şuşanın xəbərini eşidəndə dözə bilmədim" - FOTO

“Hərbi xidmətə çağırdılar, mən də digər yaşdılarım kimi yollandım müharibəyə. İlk vaxtlar çox həyəcanlanırdım, doğmalarım üçün darıxırdım. Döyüşlər şiddətləndikcə darıxmağa vaxt qalmırdı. Marşal Rokossovski mənə sual verdi ki, kənddə böyümüsən, traktor idarə edə bilirsən? Dedim, "bəli, bilirəm". Dedi, "onda sən tank da sürə bilərsən". Amma mən o təklifdən imtina etdim, dedim, artilleriyada xidmət etmək istəyirəm. Elə istəyimə uyğun da xidmətə davam elədim. Çox çətinliklərimiz oldu, amma buna baxmayaraq döyüşə-döyüşə gedib qələbəni əldə etdik. Biz azərbaycanlıların da çox böyük xidmətləri var Böyük Vətən müharibəsində qazanılan qələbədə”.

Abdulla Abdullayev Böyük Vətən müharibəsindəki xidmətlərinə görə orden və medallarla təltif edilib. Yevlax sakini 44 günlük Vətən müharibəsindən də qürurla danışır. O, Sputnik Azərbaycan-a illərdir dua etdiyini, Qarabağda qələbəni qeyd etməyi arzuladığını deyib.

Rokossovskiyə yox deyən Abdulla baba: "Şuşanın xəbərini eşidəndə dözə bilmədim" - FOTO

“Bundan sonra daha ölsəm də dərdim yoxdur, arzuma çatdım! Torpaqlarımızı nəvələrimiz, övladlarımız azad etdilər. Müharibə vaxtı hər gün gəlinimdən, nəvəmdən soruşurdum ki, hansı kəndlər, şəhərlər azad edildi? Şuşanın xəbərini eşidəndə dözə bilmədim, xeyli ağladım. O, şəhər mənə çox doğmadır, əzizdir. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərə də şəfa arzulayıram. Cənab prezidentimizə minnətdaram, bizə qalibiyyəti yaşatdı. Ordumuz qalib gəldi, biz veteranlar da artıq öz qələbəmizi, qalibiyyətimizi gördük. Artıq təqvimdə 9 Mayla bərabər, 8 Noyabr Qələbə Günümüz var”.

Böyük Vətən müharibəsinin canlı əfsanəsi 100 yaşında özünü çox gümrah hiss edir. Abdulla Abdullayev uzunömürlü olmağını normal qidalanmaqla və gəlinin ona yaxşı baxması ilə əlaqələndirir. Kiçik oğlunun həyat yoldaşı Hürü Nəbiyeva Sputnik Azərbaycan-a bildirib ki, Abdulla kişi yaşının bu çağında onları incitmir. Mülayim xasiyyəti, sakit davranışı ilə ailədə böyüklüyünü davam etdirir:

Rokossovskiyə yox deyən Abdulla baba: "Şuşanın xəbərini eşidəndə dözə bilmədim" - FOTO

“Ata deyə müraciət edirəm, mənə qaynata yox, atadır Abdulla kişi. Çox sakit təbiətli, səbrli adamdır. Elə uzunömürlülüyün sirri, bəlkə də budur. Əsasən süd məhsulları ilə hazırlanan yeməkləri sevir, onlarla qidalanır. Ürəyi nə istəsə ona bişirib verirəm. Bir neçə gün öncə, 8 mayda 100 yaşını tamamladı. Gözləri zəifləyib, eşitməsi çətinləşib. Amma özü düşür piləkənlərlə, həyətdə gəzir. Gül dərir, qoxlayır. Həmişə arzulayırdı ki, qələbəmizi görsün. Müharibə bitən günü gecə oğlum babasını xəbərdar elədi ki, artıq ermənilər üzərində qələbə qazandıq. Durub yerinin içində oturub o qədər sevindi, kövrəlib ağladı. Özü arzulayırdı ki, ordumuz qələbə çalsın, mən onu görüm, o hissləri yaşamağa ömrüm çatsın. Şükür ki, istəyinə çatdı”.

Yevlaxın Xaldan kənd sakini, 100 yaşlı Böyük Vətən müharibəsi veteranı Abdulla Abdullayevin 5 övladı, 16 nəvəsi, 23 nəticəsi var.

Eləcə də oxuyun: 

Bir küçədə yaşamış iki Sovet İttifaqı qəhrəmanı

* "Həlak olduğumu oxusa da, anama bu barədə deməyə dili gəlməyib" - Veteran Bağır Məlikov

* "Almanlar az qala Bakını ələ keçirə bilərdilər" - 100 yaşlı veteran

* İtaliyalı veteran alman əsgərlərinin yalançı dəfn mərasimindən danışıb

Rusiyalı veteranlar Qaregin Njdenin Qarabağdakı abidəsinin sökülməsini tələb edir