CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Həlak olduğumu oxusa da, anama bu barədə deməyə dili gəlməyib" - Veteran Bağır Məlikov

İkinci qrup əlil olan 97 yaşlı Bağır Məlikov bu gün də müharibənin nişanəsini bu gün də ayağında daşıyır.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Mayın 9-da faşizm üzərində Qələbənin 76-cı ili tamam oldu. Bu Qələbədə böyük payı olan Azərbaycan xalqı hər il Böyük Vətən müharibəsi iştirakçılarını qürurla xatırlayır, onlarla görüşlər keçirir. Sputnik Azərbaycan-ın müsahibi Bağır Məlikov Azərbaycanda bu şanlı Qələbənin həyatda olan 181 şahidindən biridir. Ömrünün 97-ci baharını yaşayan veteran müharibənin odlu-alovlu günlərini bu gün də xatırlayır. Həmsöhbətimiz 1924-cü ilin oktyabr ayının 1-də Bakının Nardaran qəsəbəsində anadan olub. O, peşə məktəbində çilingərlik peşəsinə yiyələndikdən sonra gəmiqayırma zavodunda işə başlayır. Böyük Vətən müharibəsi milyonlarla insan kimi, 17 yaşlı Bağır Məlikovun da gənclik arzularını əlindən alır. Böyük Vətən müharibəsinin acısını yaşamaq ailədə 5 qardaş 1 bacı olan Məlikovların taleyinə yazılır. Qardaşları, hətta Tibb Universitetini hələ bitirməmiş bacısı Məsumə müharibəyə yola düşəndən sonra Bağır Məlikov da 1942-ci ilin yanvarında müharibənin ön səngərinə göndərilir. B.Məlikov 353-cü diviziyanın 1147-ci alayında əvvəlcə sıravi əsgər, sonra isə yefreytor kimi döyüşlərə qatılır. Həmsöhbətimiz deyir ki, müharibəyə ən dəhşətli yerindən - Rostovdan başlayıb. Daha sonra Ukrayna, Krım, Moldova, Rumıniya, Macarıstan, Budapeşt, Sofiya, Belqrad, Avstriya və son olaraq Berlinə kimi döyüşüb: "Mən Berlinin azad olunmasında iştirak edənlərdənəm. 5 dəfə yaralansam da, müalicə olunub yenidən döyüşə qatılmışam. Böyük Vətən müharibəsi əlili, Prezident təqaüdçüsüyəm".

"Həlak olduğumu oxusa da, anama bu barədə deməyə dili gəlməyib" - Veteran Bağır Məlikov

Müharibədə göstərdiyi şücaətə görə 30-dan çox orden və medallarla təltif olunan B.Məlikov kəşfiyyat bölümündə iştirak edib. Onun ingilis, fransız əsirlərin azad edilməsində əməyi az olmayıb.

Bağır baba deyir ki, Rostovu iki dəfə almanlar alsalar da, ikisində də onlar geri qaytarıb. Stalinqrad mühasirəsindən danışan həmsöhbətimiz müharibə dövründə düşmənin güclü təbliğat apardığını, təyyarələrdən vərəqlər atıb onları öz tərəfinə çəkmək istədiyini bildirib: "Amma bizdə düşmənə nifrət güclü idi. Onların bu səyləri boşa çıxdı".

Həmin günləri xatırlayan Bağır baba bizə bir maraqlı əhvalatı da nəql edir. Deyir ki, müharibəyə dostları ilə birgə yollanıb. Bağır, Müğbil və Mikayıl - üç dost müharibəyə yollanarkən əhd ediblər ki, sağ-salamat geri dönsələr Bakıda görüşərlər. Döyüş zamanı Bağır Məlikovun yanında partlayan mərmi onu al-qana boyayır. Dostları onun öldüyünü zənn edirlər. Ta ki, müharibənin 30 illiyində görüşənə kimi: "Mən Bakıdan qardaş kimi bildiyim iki nəfərlə müharibəyə getmişdim. Dağlı balası Müğbil və Mikayıl. Çox çətinliklər çəkmişik. Mən yaralananda bir-birimizlə əlaqəni itirdik. Onlar mənim öldüyümü zənn ediblər. Dostlarımdan biri - Mikayıl anasına məktub yazaraq mənim döyüşdə həlak olduğumu bildirir. Öz anasına yazır ki, bunu mənim anama desin, gözləri övlad yoluna dikilməsin. Amma dostumun anası məktubda mənim həlak olduğumu oxusa da, anama bu barədə deməyə dili gəlmir. Mən dostlarımı müharibənin 30 illiyində gördüm. Bir-birimizə sarılıb sevincdən ağlayırdıq".

"Həlak olduğumu oxusa da, anama bu barədə deməyə dili gəlməyib" - Veteran Bağır Məlikov

İkinci qrup əlil olan B.Məlikov bu gün də müharibənin nişanəsini ayağında daşıyır. Yaralandığı günü isə belə xatırlayır: "Yanımda mərmi partlayanda mən iki gün yerdə qalmışam. Sonra baxıblar ki, yaşayıram, hospitala aparıblar. Həkim ayağımı qanqren olduğu üçün kəsmək istəyirdi. Amma mən qoymadım. Həkimə dedim ki, ayağımı kəssən, mənə ərə gələn qız olmayacaq. Müalicə etdilər, sağaldım. Amma bu gün də ayağımı yerə çətinliklə basıram".

Müharibə ilə bağlı daha bir xatirəsinin Bolqarıstanın Sofiya şəhəri ilə bağlı olduğundan danışan B.Məlikov orada bir türk ailəsi ilə tanış olduğunu bildirib. Qərib diyarda ona səmimi münasibət göstərən türk ailəsi Bağır Məlikova qayğı göstərib: "Ailə başçısı mənə dedi ki, müharibədən qayıdanda qızlarından birini mənə ərə verəcək. Amma tale elə gətirdi ki, mən azərbaycanlı qızı ilə evləndim. Həyat yoldaşım bacım Məsumənin yanında dərzi işləyir, əsgərlər üçün paltar tikirdi. Müharibədən sonra bacım məni onunla tanış etdi və biz evləndik".

9 Mayın onun üçün ən əlamətdar gün olduğunu söyləyən həmsöhbətimiz həmin günü kövrələrək xatırlayır: "Biz Elba çayının sahilində idik. Gecə xəbər gəldi ki, faşizm üzərində Qələbə çalmışıq. Elə həmin an qaranlıq səma aydınlandı. Tüfənglərimizlə havanı güllə yağışına tutduq. Həmin gecə səhərə kimi yatmadıq. Sevincimizin həddi-hüdudu yox idi. Gözümüzdən qeyri-ixtiyari yaş axırdı".

Müharibənin bitməsi həsrətin bitməsidir, deyir Bağır baba...

"Həlak olduğumu oxusa da, anama bu barədə deməyə dili gəlməyib" - Veteran Bağır Məlikov

Ölümün pəncəsindən xilas olmaq, doğmalarımıza qovuşmaq, Vətənimizə qayıtmaq - bu ümidlərimizin doğrulduğu gecə idi həmin gecə...

Müharibə bitsə də, B.Məlikov ailəsinin yanına müharibə başa çatandan iki il sonra geri dönə bilir. Onda öyrənir ki, qardaşları müharibədə həlak olub.

Həyatda iki dəfə möhkəm sevindiyini söyləyən Bağır baba ilk dəfə faşizm üzərində Qələbə çalanda, ikinci dəfə isə torpaqlarımız azad ediləndə bu hisləri yaşadığını bildirir: "Hər dəfə yaşım tamam olanda arzulayırdım ki, Qarabağımızı azad görüm. Bu arzum da həyata keçdi. Azərbaycan qalib xalq olduğunu bir daha dünyaya sübut etdi", - deyə B.Məlikov söyləyir...