Çernobılda böyük təhlükə – nüvə reaksiyaları yenidən başladı

Mütəxəssisin sözlərinə görə, reaktorun dərinliyindəki qapalı hissədə daim artan neytron axını orada yenidən nüvə parçalanması prosesinin getdiyini göstərir.
Sputnik

 

BAKI, 9 may — Sputnik. 1986-cı ildə baş vermiş qəza nəticəsində minlərlə insanın ölümünə səbəb olan Çernobıl Atom Stansiyasında illər sonra gözlənilməz problem yaranıb. Mütəxəssislər yeni qəza riski ilə bağlı xəbərdarlıq ediblər.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadla yaydığı məlumata görə, stansiyanın qəzanın baş verdiyi 4 saylı reaktorunun dağıntılarından çıxan radioaktiv maddələrin ətrafa yayılmaması üçün çəkilən beton sipərin içində yenidən nüvə reaksiyalarının getdiyi müəyyənləşib.

"Sheffield" Universitetinin nüvə materialları üzrə kimyaçısı Neil Hyatt bildirib ki, partlayış baş verdiyi yerdə "manqaldakı közlər kimi" yanğın başlayıb.

Mütəxəssisin sözlərinə görə, reaktorun dərinliyindəki qapalı hissədə daim artan neytron axını orada yenidən nüvə parçalanması prosesinin getdiyini göstərir.

Radioaktiv çirklənməyə nəzarət etməyə çalışan alimlər üçün ən vacib problemlərdən biri də yağış suyudur. Şiddətli fırtınalar zamanı su beton sipərin içinə daxil olaraq radioaktiv maddələrin yeraltı sulara qarışmasına səbəb olur.

Hələlik bu problemin aradan qaldırılması ilə bağlı hər hansı bir plan mövcud deyil. Ən pisi isə odur ki, alimlər nüvə reaksiyasının hansı səbəbdən yenidən başladığını izah edə bilmirlər.

Hyatt bildirib ki, reaksiyaların aktivləşməsinin səbəbi bəlli olmadığından, bunun qarşısını almaq üçün hansı mexanizmi tətbiq etmək lazım gəldiyini də bilmirlər.

Qeyd edək ki, 1986-cı ilin aprel ayında Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verib. Stansiyanın 4 saylı enerji blokunun RBMK-1000 reaktorunun partlaması nəticəsində ətrafa çoxlu miqdarda radioaktiv maddə atılıb. Çernobıl hadisəsi tarixin ən böyük texnogen qəzası hesab olunur. Qəzanın ilk günlərində 10 minə yaxın, sonrakı aylarda daha 15 min insan ölüb. İllər ötdükcə bu rəqəm 100 mini keçib.