“Biz illərdir ki, ikinci dünya müharibəsindəki qələbəni sevinclə qeyd edirik. Çünki bu qələbənin qazanılmasında Azərbaycanın və azərbaycanlıların böyük rolu olub”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.
Tarixçi bildirib ki, postsovet ölkələri arasında nisbət baxımından ən çox canlı qüvvə ilə bu müharibədə iştirak edən və itki verən ölkələrdən biri Azərbaycandır: “Baxmayaraq ki, müharibə bizim sərhədlərimizdən uzaqda baş verirdi, ancaq Azərbaycan xalqı həm öz cəsarəti, həm də sərvəti ilə bu müharibənin qələbə ilə başa çatmasında önəmli rol oynayıb. Eyni zamanda Azərbaycan Sovet ordusunu silahlarla təmin edirdi, burada bir çox reaktiv silahlar istehsal edilirdi. Amma bizim nəzərimizdə ötən il Azərbaycanın zəfəri ilə başa çatan Vətən müharibəsindəki qələbə daha parlaq və önəmlidir”.
Qeyd edək ki, bu gün alman faşizmi üzərində tarixi qələbədən 76 il keçir. 1941-ci il iyunun 22-də Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da — Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.
Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz