BAKI, 9 may — Sputnik. ABŞ-ın Nyu-York şəhər məhkəməsində Heppi adlı dişi filin adından irəli sürülmüş iddiaya dair məsələ araşdırılacaq. Sputnik Azərbaycan xəbər verir ki, Bronks heyvanxanasında yaşayan dördayaqlının adından iddianı məhkəməyə "Nonhuman Rights Project" (İnsan olmayan canlıların hüquqları layihəsi) fondu təqdim edib.
Təşkilatın saytında yerləşdirilmiş məlumatda deyilir ki, bu, tarixdə ingilisdilli məhkəmənin insan olmayan canlı adından verilmiş ərizəni araşdıracağı ilk proses olacaq. Qeyd edək ki, adı çəkilən təşkilat artıq 2018-ci ildən bəri Heppinin adından məhkəmələrə rəsmi müraciətlər ünvanlayıb. Lakin məhkəmələr hər dəfə bu ərizələri geri göndərib.
Məsələ bundadır ki, adı çəkilən fil heyvanxanaya 1970-ci ildə yerləşdirilib. Hazırda o sahəsi 0,81 hektar olan bir qahalda saxlanılır. Zoopark işçiləri onu Peqqi adlı digər dişi fildən ayırmalı olublar. Belə ki, onlar tez-tez dalaşıblar.
"Nonhuman Rights Project" isə hesab edir ki, Heppinin ayrıca qahalda saxlanması onun hüquqlarını pozur. Təşkilat fəalları məhkəmənin filin xüsusiləşdirilmiş fil qoruğuna köçürülməsi barədə qərar çıxarmasına nail olmaq istəyirlər. Heyvanların hüquq müdafiəçiləri ümid edirlər ki, Heppi dünyada azadlıq hüququ məhkəmə qaydasında təsbit olunmuş ilk heyvan olacaq.
Xatırladaq ki, bir müddət əvvəl Pakistandakı Kaavan adlı fil dünyada ən tənha fil adlandırılıb. Belə ki, dişi tayı öldükdən sonra həmin fil təklikdə və dar qəfəsdə saxlanıb. Burada onun digər heyvanlarla yanaşı olmasına imkan verilməyib və o heyvanxana ziyarətçiləri qarşısında çıxış etməyə məcbur edilib. Hüquq müdafiəçiləri beş ildən sonra Kaavanın Kambocadakı fil qoruğuna köçürülməsinə nail olublar. Onların qələbəsinə məşhur müğənni Şerin danışıqlarda iştirak etməsi də kömək edib.