HADİSƏ

Göyçayda 18 yaşlı qızın dayısı tərəfindən öldürüldüyü məlum olub

Qızın anası, 1980-ci il təvəllüdlü Gülnarə Məmmədovanın övladının meyitini görərək komaya düşdüyü və bu səbəbdən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.
Sputnik

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Göyçayda dayı 18 yaşlı bacısı qızını öldürüb.

İlkin məlumata görə, Göyçay rayon Bığır kənd sakini, 2003-cü il təvəllüdlü Məmmədova Fatimə Murtuz qızı gecə saatlarında 32 yaşlı dayısı Bədəlov Vüqar Məhəmməd oğlu tərəfindən öldürülüb. Hadisədən sonra qızın dayısı Vüqar Bədəlov bacısı qızının dəm qazından zəhərləndiyini barədə təcili tibbi yardıma məlumat verib. Məhkəmə tibbi ekspertiza və istintaq araşdırması zamanı qızın boğularaq öldürüldüyü məlum olub. Məhz bu səbəbdən Bığır kənd sakini Vüqar Bədəlov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Hadisədən sonra qızın anası, 1980-ci il təvəllüdlü Gülnarə Məmmədova komaya düşüb və hazırda Göyçay rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Faktla bağlı araşdırma aparılır.