CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qələbə Gününü özünə ad günü kimi seçən qəhrəman

İsfəndiyar İgidovun doğum ili 1921-ci olsa da, ay və gün rəsmi sənədlərdə təxmini göstərilib. Lakin İsfəndiyar İgidov sağlığında hər may ayının 9-nu özünün ad günü kimi qeyd edib.
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. Faşizm üzərində Qələbədə böyük pay sahiblərindən biri də Qazax rayon Hüseynbəyli kənd sakini İsfəndiyar İgidov olub. 1939-cu ildə hərbi xidmətə yollanan İ.İgidov ilk döyüş təcrübəsini Sovet-Fin müharibəsində qazanıb. Sonra isə Moskvadan Berlinədək uzanan şərəfli döyüş yolu keçib. Bu dövr ərzində 3 dəfə ağır yaralanıb, hətta bir dəfə evinə “qara kağız” - ölüm xəbəri də göndərilib. Lakin hər dəfə yaralarını sağaltdıqdan sonra cəbhəyə yollanıb. İlk olaraq kəşfiyyatçı, sonralar tankçı və topçu kimi qələbəyə öz payını qatıb. Cəbhədə göstərdiyi şücaətlərə görə “Birinci dərəcəli vətən müharibəsi”, “Qırmızı ulduz”, Moskvanın, Leninqradın, Stalinqradın müdafiəsinə görə, Keniqsberqin, Ukraynanın alınması və Almaniya üzərində qələbəyə görə 25 orden və medallarla təltif edilib.

Qələbə Gününü özünə ad günü kimi seçən qəhrəman

İ.İgidovun keçdiyi döyüş yolu haqda Sputnik Azərbaycan-ın bölgə müxbirinə onun oğlu Ayaz İgidov danışıb. O, atasının faşizm üzərində Qələbə münasibətilə 1945-ci il iyunun 24-də Moskvada keçirilən ilk qələbə paradında iştirak edən 9 azərbaycanlıdan biri olduğunu söyləyib:

“Atamın qəhrəmanlıqları haqda hələ müharibə vaxtı onlarla qəzet və jurnalda materiallar dərc edilib. Müharibədən gələndən sonra isə haqqında kitab yazılıb, bir neçə kitabda ondan bəhs olunub. Özü haqda yazılan qəzetlərin, kitabların hamısını saxlayırdı. Bütün bu xidmətlərinə görə Leninqrad (Sankt-Peterburq) şəhərinin fəxri vətəndaşı titulunu alıb. Bundan başqa, ona SSRİ-nin istənilən yerinə pulsuz uça bilməsi üçün 205 nömrəli vəsiqə verilmişdi. Qələbənin 40, 45, 50, 55 illiklərində paradlarda iştirak etmişdi. Lakin çox istəsə də səhhətinə görə 2000-ci ildəki paradda iştirak edə bilmədi. Moskvadan ona hərbi forma göndərmişdilər. Bütün medallarının hamısını özü öz əlləri ilə düzmüşdü. Bu gün də o formanı olduğu kimi saxlayırıq”, - deyə o məlumat verib.

A.İgidov atasının müharibədən qayıtdıqdan sonra da fəal həyat tərzi keçirdiyini, ölənə kimi müxtəlif işlərdə çalışıdığını deyib: “Mən hərbi xidməti Leninqradda keçmişəm. Orada atama görə hərbi hissənin ən seçilən əsgərlərindən biri olmuşam. Xidmətdə olduğum müddətdə atam 13 dəfə Leninqrada gəlmişdi. Hər gəlişində şəhərin qarnizon komandiri çıxıb onu aeroportda qarşılayırdı. Baxmayaraq ki, o, 1-ci dərəcəli Vətən müharibəsi əliliydi, dünyanın hər yerinə eləcə gedirdi. 60 ildən çox ağciyərində, bədənin müxtəlif yerlərində qəlpələrlə yaşamışdı. Buna baxmayaraq, həmişə müxtəlif işlərdə çalışmışdı”, - deyə o bildirib.

İsfəndiyar İgidov 2004-cü ildə 83 yaşında vəfat edib. Onun doğum ili 1921-ci olsa da, ay və gün rəsmi sənədlərdə təxmini göstərilib. Lakin İsfəndiyar İgidov sağlığında hər may ayının 9-nu özünün ad günü kimi qeyd edib. Dünyasını dəyişərkən isə övladlarına bu ənənəni pozmayaraq hər mayın 9-u ona sağlığındakı kimi ad günü keçirmələrini vəsiyyət edib. Bu gün də ailə onun vəsiyyətinə əməl edərək 9 mayı həm atalarının doğum günü, həm böyük Qələbə Günü kimi qeyd edirlər.