CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verilib

Şirvan Apellyasiya Məhkəməsinin hakimləri Nüsrət Mirzəyev və Tofiq Heydərova töhmət verilib, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevaya irad tutulub.
Sputnik

BAKI, 7 may - Sputnik. Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.

Şuradan Sputnik Azərbaycan-a verilən məlumata görə, iclasda həmin hakimlər barədə qiymətləndirmə materialları hərtərəfli müzakirə olunaraq, onlardan 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunub və işdə dönüş yaratmaları üçün 6 ay vaxt verilib, 3 nəfərin isə səlahiyyətlərinə xitam verilməsi qərara alınıb.

Şuranın iclasında ali və apellyasiya məhkəmələrinə zəruri hazırlığa və mənəvi keyfiyyətlərə malik 24 hakimin təyin olunması, apellyasiya məhkəmələrinin rəhbərliyində dəyişikliklərın aparılması, həmçinin, fəaliyyətində çatışmazlıqlara yol verən hakimlərin həmin məhkəmələrdən kənarlaşdırılmasına dair təkliflər verilib.

İclasda yeni məhkəmələrin yaradılması və hərbi məhkəmələrin ərazi yurisdiksiyasının təkmilləşdirilməsi ilə bağlı məhkəmələrin ərazi yurisdiksiyasına dəyişikliklərin edilməsi barədə qərarlar qəbul edilib.

Həmçinin Şurada hakimlər barədə intizam icraatı üzrə işlərə baxılaraq, korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə Şirvan Apellyasiya Məhkəməsinin hakimləri Nüsrət Mirzəyev və Tofiq Heydərova töhmət verilib, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevaya irad tutulub.