SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Keçmiş nazir 10 noyabr bəyanatından danışdı: "Narahatlığa əsas yoxdur"

"Cənab Prezidentin daim toxunduğu bir məqam var - bu gün Azərbaycan Qafqazda sülhün təşəbbüskarı, təminatçısıdır".
Sputnik

BAKI, 6 may — Sputnik. "Bütün proses nəyi, necə və nə vaxt edəcəyini dəqiq bilən Prezidentin nəzarəti altındadır. Demək, narahatlığa əsas yoxdur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov "Azərbaycan" qəzetinə müsahibəsində 10 noyabr Bəyanatının müddəalarının icrasına münasibət bildirərkən deyib.

Təhlükəsizlik Şurasının katibi bildirib ki, Bəyanatın imzalanmasından artıq 6 ay ötür: "Bütün prosesin mükəmməl getdiyini demək hələ tezdir. Prezidentimizin azad edilmiş ərazilərdəki davamlı təhlükəsizliyin təmini ilə bağlı müəyyənləşdirdiyi fəaliyyət strategiyasının icrasına məsul olan müvafiq dövlət strukturları uğurla işləyir. Sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır. Azərbaycan ərazidə dünyanın ən mükəmməl nümunələrindən olan hərbi infrastrukturunu, obyektlərini yaradır. Azərbaycan, Rusiya, Türkiyə prezidentləri arasında bu məsələ ilə bağlı mövcud olan operativ və səmərəli əməkdaşlıq formatı Ağdamdakı monitorinq mərkəzinin fəaliyyətində də davam edir. Lakin görüləcək işlər çoxdur. Vətəndaşlarımız, eləcə də bu vəziyyətə həssaslıqla yanaşan xarici ölkə ictimaiyyəti də tam əmin olsunlar ki, cənab İlham Əliyevin dəmir yumruğu, qətiyyəti bu prosesdə də özünü göstərir. Azərbaycanın milli maraqlarının bir zərrəsi də nə güzəştə gedilir, nə də gözardına qoyulur".

"10 noyabr Bəyanatının 9 müddəası var. Azərbaycan imzasına, üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir. Cənab Prezidentin daim toxunduğu bir məqam var - bu gün Azərbaycan Qafqazda sülhün təşəbbüskarı, təminatçısıdır. Biz öz ərazimizdə erməni millətindən olan vətəndaşlarımızın təhlükəsiz yaşayışını təmin etməyə hazır olduğumuz kimi, regionun maraqları naminə Ermənistan əhalisinin də rifahına töhfə verməyə hazırıq. Prezident İlham Əliyevin unikal liderlik keyfiyyətlərindən biri də məhz budur", - Ramil Usubov bildirib.