BAKI, 6 may — Sputnik. Azərbaycanda koronavirusun Hindistan ştammı qeydə alınmayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva söyləyib.
O bildirib ki, Azərbaycanda indiyədək koronavirusun Böyük Britaniya ştammından başqa yeni növ qeydə alınmayıb:
"Hindistandakı vəziyyəti biz çox narahatçılıqla izləyirik. Hindistanda virusun yeni ştammı aşkar olunub. Amma mutasiyalar viruslara xas olan prosesdir. Hər bir virusda daim mutasiyalar baş verir. Hələ ki, Hindistanda mutasiyaların ağırlaşmalara səbəb olması ilə bağlı elmi araşdırma yoxdur. Azərbaycanda da ştamları aşkarlayan laboratoriya var. Biz yeni ştamların qeydə alınmasını izləyə bilirik. Əgər yeni ştamm qeydə alınarsa, bununla bağlı açıqlama veriləcək".
Y.Qarayeva bildirib ki, yeni yoluxmaların sayında mərhələli enmələr müşahidə olunur. TƏBİB rəsmisinin sözlərinə görə, yoluxma əmsalı 10 faizə yaxınlaşır. O bildirib ki, virusa yoluxma ilə bağlı müsbət dinamikamız mövcuddur: "Hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altında saxlanlır. 30-59 yaş arası insanlarda yoluxma halları çox olur və bu göstərici həmişə eyni olub”.