MƏDƏNİYYƏT

Şəhriyar və Şəhrizadın məhəbbət əfsanəsi Kazanda nümayiş olunacaq

Baletdə Şəhriyar şahın sevgisindən söhbət açılır. Əfsanəyə görə, bir dəfə ovdan qayıdarkən, şah öz xanımını bir qulun ağuşunda görür. Aldadılmış ər, alçaldılmış hökmdar bundan təsirlənərək ölkəsindəki bütün gənc qadınları edam etmək qərarına gəlir.
Sputnik

BAKI, 5 may — Sputnik. SSRİ Xalq artisti Fikrət Əmirovun "Min bir gecə" baleti Tatarıstanın paytaxtı Kazan şəhərində keçiriləcək Rudolf Nuriyev adına XXXIV Beynəlxalq klassik balet festivalında nümayiş olunacaq. Sputnik Azərbaycan layihənin saytına istinadən xəbər verir ki, tədbir Tatar Akademik Dövlət Opera və Balet Teatrının səhnəsində mayın 13-dən iyunun 2-nə qədər keçiriləcək.

Festival Mariinski teatrının Primorsk səhnəsinin təqdimatında "Min bir gecə" tamaşası ilə başlanacaq.

F.Əmirovun ölməz əsəri iki gün, mayın 13-ü və 14-də tamaşaçılara təqdim olunacaq. Baletə Azərbaycan Dövlət Akademik Opera və balet teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti Eyyub Quliyev rəhbərlik edəcək.

Tamaşa F.Əmirovun orijinal musiqisi, "Min bir gecə"yə ilk quruluşu vermiş xoreoqraf Nailə Nəzirovanın və görkəmli ədiblər Maqsud və Rüstəm İbrahimbəyovların librettosu əsasında qurulub.

Əsas rolları Anna Samostrelova, Liliya Berejnova, Sergey Umanets, Denis Qolov və Mariinski teatrının digər artistləri ifa edəcəklər.

Baletdə Şəhriyar şahın sevgisindən söhbət açılır. Əfsanəyə görə, bir dəfə ovdan qayıdarkən, şah öz xanımını bir qulun ağuşunda görür. Aldadılmış ər, alçaldılmış hökmdar bundan təsirlənərək ölkəsindəki bütün gənc qadınları edam etmək qərarına gəlir. Lakin bir dəfə onun yataq otağına gözəllər gözəli Şəhrizad gəlir. Hökmdarın fikrini dağıtmaq və həyatda qalmaq şansını artırmaq üçün o şaha hər gecə sehrli nağıllar danışır.

Xatırladaq ki, bu kollektivin ifasında tamaşanın premyerası 2020-ci ildə Vladivostokda olub və tamaşaçıların böyük rəğbətinə səbəb olub.