TƏBİB iki tibb müəssisəsinin əməkdaşlarının işdən çıxarılmasına münasibət bildirib

"Əməkdaş işdən azad edilməsi qərarı ilə razılaşmadığı təqdirdə müəssisə rəhbərinə müraciət edərək şikayətini bildirə bilər".
Sputnik

 

BAKI, 5 may — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Talassemiya Mərkəzi və B.A.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitunda 20-yə yaxın əməkdaşının işdən azad edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Talassemiya Mərkəzi və B.A.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitunun, eləcə də digər tibb müəssisələrinin yalnız direktor və direktor müavinlərinin təyinatı və işdən azad edilməsi TƏBİB-in İdarə heyətinin sədrinin qərarı ilə həyata keçirilir:

"Digər bütün struktur bölmələrin əməkdaşları müəssisənin rəhbəri tərəfindən işə qəbul olunur və işdən azad edilir. Odur ki sözü gedən müəssisənin 20-yə yaxın əməkdaşının işdən azad edilməsinin TƏBİB İdarə Heyətinin sədri tərəfindən həyata keçirilməsi həqiqəti əks etdirmir. Əməkdaş işdən azad edilməsi qərarı ilə razılaşmadığı təqdirdə müəssisə rəhbərinə müraciət edərək şikayətini bildirə bilər".