BAKI, 5 may - Sputnik. ABŞ-ın Avropada son 25 il ərzində ən böyük, Defender Europe təlimlərinin proloqu - Swift Response - çərşənbə günü axşam Estoniyada start götürür.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahından məlumat verilib.
Swift Response 16 Avropa ölkəsində 28 min hərbçinin iştirakı ilə keçiriləcək.
"Çərşənbə günü axşam Müdafiə Qüvvələrinin mərkəzi poliqonunda ABŞ ordusunun 41-ci səhra artilleriya briqadasının MLRS yaylım sistemlərindən döyüş atışları baş tutacaq. Beş qurğu ondan artıq raket buraxacaq. Bu cür artilleriya sistemləri uzaq məsafədəki xüsusi vacib hədəflərin vurulmasında istifadə olunur", - məlumatda deyilir.
Mayın 7-də isə ABŞ-ın 82-ci aviadesant diviziyasının hərbçiləri Nurmsi yaşayış məntəqəsinə eniş edəcəklər. Desantçıların əsas hissəsi birbaşa ABŞ-dan, Şimali Karolinadan Estoniyaya uçacaq. Desant gecə, maksimal dərəcə reallığa yaxınlaşdırılmış taktiki şəraitdə çıxarılacaq.
Mayın 8-də səhər və axşam Amerika döyüşçüləri veertolyotla Nurmsidən mərkəzi poliqona gələcəklər.
Swift Response təlimlərində Estoniyanın böhran vəziyyətində müdafiəsi məşq ediləcək. Manevrlərdə Estoniya Müdafiə Qüvvələrinin, ABŞ-ın, Böyük Britaniyanın 2.5 min hərbçisi, 20-dən çox təyyarə və 25-dən çox vertolyot iştirak edəcək.
Təlimlər mayın 14-də bitəcək.