Fuad Poladovun anım günüdür

Fuad Poladov bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib və 2018-ci ildə vəfat edib.
Sputnik

 

BAKI, 5 may — Sputnik. Bu gün Azərbaycan kino və teatr tarixində öz adını qızıl hərflərlə yazdırmış Xalq artisti Fuad Poladovun anım günüdür. Sputnik Azərbaycan xəbər verir ki, aktyor 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967–1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.

Səhnədə yaratdığı obrazlarla yanaşı, mərhum sənətkar "Aktrisa" , "Alov", "Arxada qalmış gələcək", "Atayevlər ailəsi", "Beşmərtəbəli evin altıncı mərtəbəsi ", "Dede Korkut hikayeleri", "Günaydın, mələyim!", "Dərvişin qeydləri", "Dolu", "Etimad telefonu", "Əlavə təsir", "Əlvida, cənub şəhəri", "Ən vacib müsahibə", "Fatehlərin divanı", "Güllələnmə təxirə" salınır!", "İstintaq davam edir" kimi filmlərdə unudulmaz obrazlar yaradıb.

Sonralar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib və 2018-ci ildə vəfat edib. Məzarı "Qurd qapısı" qəbiristanlığındadır.

Allah rəhmət eləsin!