CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüzlərlə qəhrəmanın yeganə şəhid bacısı: "Yubileyi son ad günü oldu"

"Bu gün 32 yaşını soyuq məzarda qeyd etsə də, Arəstə bütün Azərbaycan xalqının ürəyindədir", - deyə qardaşı qeyd edib.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. Bu gün Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın doğum günüdür. Arəstə Baxışovanın qardaşı Vüqar Baxışovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hazırda onlar Biləcəri qəsəbəsindəki Şəhidlər xiyabanında mərhumun məzarını ziyarət edirlər: "Bu gün bacımın doğum günüdür. Hamımız onun məzarı başına toplaşmışıq. Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri də buradadırlar. Sağ olsun dövlətimiz ki, bizi heç vaxt unutmur. Bacımın bizə əmanət qoyub getdiyi övladlarına dövlətimiz hər zaman diqqət göstərir".

Yüzlərlə qəhrəmanın yeganə şəhid bacısı: "Yubileyi son ad günü oldu"

V.Baxışov deyib ki, Arəstə Baxışova hərbçi olduğundan doğum günlərini də işdə keçirib: "Bacım bizimlə birgə 30 yaşını qeyd etmişdi. Yadımdadır ki, doğum gününü gündüz işdə, axşam bizimlə birgə qeyd etdi. Yubiley doğum günü onun bizimlə qeyd etdiyi son ad günü oldu. Hər doğum günündə iş yoldaşları ona sürprizlər hazırlayardılar. Bu onu çox xoşbəxt edərdi. Bu gün 32 yaşını soyuq məzarda qeyd etsə də, Arəstə bütün Azərbaycan xalqının ürəyindədir", - deyə qardaşı qeyd edib.

V.Baxışov onu da əlavə edib ki, bacısının məzarı bu Şəhidlər xiyabanındakı yeganə qadın məzarıdır.

Yüzlərlə qəhrəmanın yeganə şəhid bacısı: "Yubileyi son ad günü oldu"

Məlumat üçün qeyd edək ki, Arəstə Kərim qızı Baxışova 4 may 1989-cu ildə Xaçmaz şəhərində doğulub. Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olarkən vəfat edib. Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində “İngilis dili” üzrə təhsil alıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib. Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr tarixində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Vətən müharibəsinin tək qadın şəhidi olan Arəstənin 12 yaşında Mərdan adında oğlu və 11 yaşında Zəhra adında qızı yadigar qalıb.

Qeyd edək ki, Sputnik Azərbaycan Bakıda “Azerbaijan Woman Awards” layihəsinin informasiya tərəfdaşı qismində "Cəsur qadın" nominasiyasında xüsusi mükafat təsis etmişdi. Bu il martın 14-də keçirilən mərasimdə həmin mükafat yeganə qadın şəhidimiz Arəstə Baxışovanın anasına təqdim edilib.

Allah rəhmət eləsin!