CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səlahiyyətsiz sürücülər və qanunçul BNA - Sonda əzab çəkən yenə sərnişin olur

İndikindən fərqli olaraq qışda - soyuq aylarda eyni xətt üzrə hərəkət edən avtobuslarda havalandırma sistemi qoşulduqda sərnişinlər salonun həddindən artıq soyuq olmasından gileylənirdilər.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. "Avtobuslarda sərinləndirmə sistemləri - kondisionerlər əsasən yay mövsümündə işə salınır. Sərnişinlərimizin rahatlığı nəzərə alınaraq daha erkən tarixdə də işə salınması mümkündür. Bu da daha çox hava şəraitindən, havanın temperatur göstəricilərindən asılıdır". Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. 

O bildirib ki, indiki vəziyyətdə səhər və günorta saatlarında temperatur müəyyən qədər yüksək olsa da, axşama doğru hava bir az sərinləşir: "Nəticədə sərnişinlərin bir qismi, tam əksinə, kondisionerin işləməsindən şikayət edir. “BakuBus” avtobuslarında isə kondisionerlərin işləmə mexanizmi mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Yəni sürücü istədiyi vaxt onu işə salıb-söndürə bilmir".

"Ona görə indiki halda avtobusun salonunda havalandırmanı təmin etmək üçün yan pəncərələr açıq saxlanılır. Təbii havanın temperatur göstəriciləri davamlı olaraq yüksək olarsa və zərurət yaranarsa, kondisionerlərin işə salınmasına dair göstəriş veriləcək", - deyə qurum rəsmisi əlavə edib.

İstirahət günlərində də avtobuslar işləyəcək - Yalnız bu tarixlərdə

Qeyd edək ki, havaların isinməsinə baxmayaraq, "BakuBus" avtobuslarında havalandırma sisteminin işləməməsinə görə iradlara sürücülərin "buna görə icazəmiz yoxdur" cavabı, demək olar ki, hər gün narazılıqlara səbəb olur. Bu gün də M2A marşrutu üzrə hərəkət edən 15-019 eyniləşdirmə kodu olan avtobusda da eyni vəziyyət yaşanıb. Qurumun rəsmisinin bildirdiyi kimi, yan pəncərələr açıq olub, ancaq bu belə sərnişinlərin rahatlığını təmin etməyib. Onlar maskalı olduqları üçün daha çox havasızlıqdan əziyyət çəkdiklərini bildirərək sürücüdən havalandırma sistemini qoşmağı tələb ediblər.

Bundan başqa, qeyd edək ki, indikindən fərqli olaraq qışda - soyuq aylarda eyni xətt üzrə hərəkət edən avtobuslarda havalandırma sistemi qoşulduqda sərnişinlər salonun həddindən artıq soyuq olmasından gileylənirdilər.