CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Muğan kanalı da, Bolqarçay da boş-boşuna axıb"

Deputat: "Bütün payız və qışboyu Cənub Muğan kanalı da, Bolqarçay da boş-boşuna axıb gedib. Əgər bizim Bolqarçay su anbarı zamanında təmir olunsaydı, bu su 2 fəsil ərzində israf olunmazdı".
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. "Hələ yaz olmasına baxmayaraq, artıq Biləsuvarın bir sıra kəndləri – Yuxarı Cürəli, Ağalıkənd, Çinarlı, Aranlı, Təzəkənd, Ovçubərə, Dərvişli, İsmətlinin və Bəydilinin bir hissəsi yenidən həm içməli, həm də suvarma su təminatı ilə bağlı problemlərlə üz-üzə qalıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, məsələ köklü həll olunmalıdır: "Bütün payız və qışboyu Cənub Muğan kanalı da, Bolqarçay da boş-boşuna axıb gedib. Əgər bizim Bolqarçay su anbarı zamanında təmir olunsaydı, bu su 2 fəsil ərzində israf olunmazdı. Ona görə də hökumət strukturlarından bir daha xahiş edirəm, Bolqarçay su anbarının təmiri məsələsini tezləşdirsinlər. Çünki Biləsuvar pambıqçılıq rayonudur, insanların güzəranı torpaqdan çıxır. Bu, büdcə üçün yük ola bilər, amma sizi əmin edirəm, Bolqarçay su anbarına qoyulan vəsait ən qısa zamanda özünü doğruldaraq, əliqabarlı Biləsuvar kəndlisinin zəhməti sayəsində artıqlaması ilə büdcəyə geri dönəcək".