MƏDƏNİYYƏT

Tanınmış aparıcı Vaqif Mustafayevi "ağ yuyub, qara sərdi"

Elvin Basqallı: ""Səsin çıxsa, adını ev siyahısından çıxaracam, başqa kanala getsən, tapşırdıb, işdən çıxartdıracam" deyən adam indi özünü tapşırmağa adam axtarır".
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. Tanınmış xəbər aparıcısı Elvin Basqallı "Space" televiziyasının keçmiş rəhbəri Vaqif Mustafayevi tənqid edib. Sputnik Azərbaycan xəbər verir ki, bir müddət öncə sözügedən televiziyada "Hər gün" informasiya proqramının aparıcısı və xəbərlər departamentinin rəhbəri olan Basqallı rejissorun korrespondent.az saytına verdiyi müsahibəsini "Facebook" hesabında paylaşaraq orada səslənən fikirləri təkzib edib. Aparıcı ironiya ilə "sən demə, bizə ac qalmağın, aylarla maaş almadan ailə saxlamağın təlimlərini keçən şəxs milyonları necə yeməyin də yollarını yaxşı bilibmiş. Bir sözlə, bu unikal şəxs, sən demə, TV rəhbəri olmaqdan savayı, hər şeydə usta imiş. Anasının və oğlanlarının adına əmlaklar rəsmiləşdirməyi bacaran şəxs əslində ustad rejissor imiş. Hələ illər öncə "Yoxlama" filmini çəkən rejissorun dağıtdığı kanala gələn yoxlama komissiyası 3 aydır ciddi rəqəmləri əldə edə bilməyib", - deyə o bildirib.

Aparıcı əlavə edib ki, son 4 ildə Prezidentin TV-lərə ayırdığı 11 milyondan "Space"in payına düşən 2 milyon 33 min manatı sənədlərlə necə ərşə çəkiblərsə, 11 aydır maaş ala bilməyən işçilər də bu sirri çözə bilmirlər. Halbuki, efir-üfür deyil, əlahiddə rəqəmlər və faktlar 200 işçinin cibindən oğurlanmış, banklara yerləşdirilən milyonları açıq-aydın göstərə bilər. Heyf ki, girovluq və sürgün müddətim bitməyib. Yoxsa ki, yoxlamanın bu qədər əziyyət çəkməsinə ehtiyac olmazdı, şəbəkə məlum, faktlar məlum".

""Səsin çıxsa, adını ev siyahısından çıxaracam, başqa kanala getsən tapşırdıb, işdən çıxartdıracam" deyən adam indi özünü tapşırmağa adam axtarır. Film çəkəndə rejissorlar kadr arxasında qalır, bu dəfə isə yeyintidə təkcə "Yaramaz"ın adı hallanır. Halbuki, gəlir hara gedib, necə gedib - çox maraqlı mexanizmi var. Dahi rejissorun həbs olunması kifayətdir ki, pulları kimlərlə ortaq yeyib, bu haqda bülbül kimi ötsün. Hələ ki susur, amma susmaqla yox, yediklərini qusmaqla rahatlayacaq - rejissor da, dostları da. Sağ olsun, həmkarlarımız yaxşı faktlar əldə ediblər. Amma bir az az tapıblar, deyəsən. Kimlər necə yeyib, necə rəsmiləşdirib pulları, bunları bilmək üçün bir söz yetər... O ki qaldı rejissora ... Canını qoymağa yer axtarmağa ehtiyac yoxdur. Qara maskalılar o yeri göstərəcəklər", - deyə aparıcı fikrini tamamlayıb.