Prezident "Azərsu" ASC-nin sədrini tutduğu vəzifədən azad etdi

Prezident İlham Əliyev Qorxmaz Hüseynovun "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Sputnik

BAKI, 4 may — Sputnik. Qorxmaz Cavanşir oğlu Hüseynov "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, Qorxmaz Hüseynov əmək fəaliyyətinə 1989-cu ildə "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb.

1990-cı ildə "28 May" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991-1992-ci illərdə şöbə rəisinin müavini, 1992-1995-ci illərdə şöbə rəisi, 1995-1997-ci illərdə "Qum adası" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi, 1997-2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin müdir müavini, 2003-2006-cı illərdə trestin müdiri, 2006-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində çalışıb.

27 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilib.

16 fevral 2011-ci il tarixində həmin vəzifədən azad edilərək "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.