SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Xamenei: "Qərb İranın Çin və Rusiya ilə əlaqələrinə xor baxır"

Ayətullah Əli Xamenei: “Qərblilər İran İslam Respublikasının siyasətini öz çətirləri altına almaq istəyirlər”.
Sputnik

BAKI, 3 may - Sputnik. İranın Ali lideri Ayətullah Xamenei "müəllim" və "zəhmətkeşlər" günü münasibətilə canlı yayımlanan çıxışında ölkənin hazırkı xarici siyasətinin etibarlı qurulmasının əhəmiyyətindən danışıb.

APA-nın məlumatına görə, Ayətullah Xamenei diqqətə çatdırıb ki, qərblilər İranın siyasətini öz çətirləri altına almaq istəyirlər: "Qacarların sonlarında və Pəhləvi dönəmində İranın siyasətinə onlar nəzarət edirdilər. İslam inqilabı bu vəziyyəti dəyişdi və indi onlar bu prosesi dəyişməyə çalışırlar. İranın Çin və Rusiya ilə əlaqələrinə xor baxmaları da bundan qaynaqlanır". 

Xamenei əlavə edib ki, sanksiyaları zərərsizləşdirməyin ən yaxşı yolu milli istehsalı gücləndirməkdir: “Əgər düşmən istehsal sayəsində sanksiyaların təsirsiz olduğunu görərsə, onu ləğv etməyə məcbur olacaqdır”.

Ayətullah Xamenei çıxışının davamında İranın təhsil sisteminə də toxunub: “İranda təlim-tərbiyə düzgün qurulub. Müəllimlərimiz ölkənin inkişafının zabitləridirlər. Onlar bu rolu dərk etdikdə, məsuliyyət də hiss edəcəklər. Çünki müəllimlik olduqca dəyərli peşədir”.

İran Ali Lideri, həmçinin, fəhlə günü ilə əlaqədar bunları deyib: “İranda fəhlələr himayə olunmalıdır, yeni iş yerləri açılmalıdır. Fəhlənin işlək qabarlı əlini Allah və onun Peyğəmbəri sevir. Peyğəmbərimiz fəhlənin əlini öpdü. İstehsal fəhlənin əməyi ilə mümkün olur. Onların İslam Respublikasının boynunda haqları var”.

Onun sözlərinə görə, fəhləni himayə etmək milli sərvəti himayə etməkdir: “Bu milli sərvət ölkəyə etibar qazandırır. Belə isə onların peşə təhlükəsizliyini təmin etmək lazımdır”.