Sürücü özünü və sərnişini ələ verdi

Həmin avtomobilin sürücüsü və sərnişini polisin qanuni tələblərinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd etsələr də, saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Sputnik

BAKI, 3 may — Sputnik. Cəlilabadda şübhəli hərəkətlər edən sürücünün avtomobilində külli miqdarda heroin aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti Bölüyünün və Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində xidmətaparanzaman hərəkətdə olan "Hyundai Azera" markalı avtomobilin sürücüsünün şübhəli hərəkətlər etdiyini müəyyən ediblər.

Həmin avtomobilin sürücüsü və sərnişini polisin qanuni tələblərinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd etsələr də, saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Polis əməkdaşları tərəfindən həmin avtomobilə keçirilən baxış zamanı saxlanc yerindən bir ədəd bükümdə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülüb. Avtomobildə olan Sabirabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar, sürücü E.Cəfərov və sərnişin E.Salmanovun üzərlərinə keçirilən baxış zamanı isə hər ikisindən heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.