CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qonşularımızdan neft məhsullarının ixracına qadağa - Azərbaycana təsiri necə olacaq?

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışıb.
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 may — Sputnik. Qazaxıstan mayın 9-dan etibarən bir sıra neft məhsullarının (benzin, dizel və s.) ixracına altı aylıq məhdudiyyət qoyacaq. Bu, daxili bazarda neft məhsulları qıtlığının olmaması üçün edilir. Rusiya da bir sıra neft məhsullarının ixracına müvəqqəti qadağa qoymaq niyyətindədir və hazırda bu məsələ hökumətdə müzakirə olunur.

Ehtiyatlar tükənib: Neftin gələcəyi ilə bağlı real proqnozlar

Bəs Qazaxıstan və Rusiyadan Azərbaycana neft məhsulları gətirilirmi? Bu cür məhdudiyyətlərin Azərbaycana təsiri olacaqmı, o cümlədən qiymətlərə?

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim ƏhmədovSputnik Azərbaycan-a deyib ki, Azərbaycanda əsas istifadə olunan yanacaq növləri, eləcə də neft məhsulları ölkə daxilində istehsal olunur və bu baxımdan ölkənin enerji təhlükəsizliyi təmin olunub: "SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu (NEZ) Cənubi Qafqazın yeganə neftayırma müəssisədir və ilk növbədə ölkənin tələbatını təmin edir, izafi qalan məhsul isə ixrac olunur".

İbrahim Əhmədov bildirib ki, Rusiya və bəzi başqa ölkələrdən Azərbaycana nisbətən kiçik həcmdə yüksək oktanlı benzin idxal edilir:

"Həmçinin, adətən ildə bir dəfə SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu dövri təmirə dayananda müvəqqəti Ai-92 benzininin idxalına da ehtiyac yaranır. Lakin bu cür hallarda Azərbaycan benzini müxtəlif ölkələrdən idxal edə bilir, yəni bir mənbədən asılılığımız yoxdur. Keçmişdə biz, məsələn, Rusiya ilə yanaşı, müxtəlif Avropa ölkələrindən də yanacağı müvəqqəti idxal etmişik. Ümumilikdə isə yanacağa olan tələbat, dediyim kimi, əsasən daxili istehsal hesabına təmin olunur".

"Əgər Qazaxıstan və Rusiya belə bir addım atsa, bunun bizə, çox güman ki, ciddi bir təsiri olmaz", -deyə o qeyd edib.