ABŞ kosmosu döyüş meydanı elan edib

2020-ci il ərzində ABŞ hərbi hava qüvvələri Rusiya hava-kosmik qüvvələrinin 60-dan çox təyyarəsinin qadağan olunmuş ərazi üzərində uçmaq cəhdlərinin qarşısını alıblar.
Sputnik

BAKI, 2 may — Sputnik. ABŞ kosmik qüvvələrinin komandanı, general Con Reymond kosmosu döyüş əməliyyatları meydanı elan edərək Rusiya və Çinin Amerika peyklərini vurmağa qadir olan silahlara malik olduğunu bildirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, general kosmik qüvvələrin məqsədinin münaqişəni "başlamaq və kosmosa yaymaq deyil", onun qarşısının almaq olduğunu söyləyib.

"Aydındır ki, kosmos da hava, dəniz və Yer kimi döyüş meydanıdır. Bu, son bir neçə ildə həqiqətən həyata keçirilən işlərdir. Belə ki, bizim üçün daimi təhlükə mənbəyi olan Çin də, Rusiya da bizim peyklərin işini poza və ya onları məhv edə biləcək silahlar işləyib hazırlayıblar", - deyə Reymond The Washington Post qəzetinə müsahibəsində bildirib.

General həmçinin Birləşmiş Ştatların kosmosda "dispetçer" rolunu oynayaraq peyklər və digər obyektlərdə fəlakətlərin qarşısının alınması üçün orada hərəkətə nəzarət etmək niyyətində olduğunu dilə gətirib.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ hərbi hava qüvvələri Rusiyanın Arktikada fəallığının artmasından narahatlığını ifadə edib. Məlumatda deyilirdi ki, 2020-ci il ərzində ABŞ hərbi hava qüvvələri Rusiya hava-kosmik qüvvələrinin 60-dan çox təyyarəsinin qadağan olunmuş ərazi üzərində uçmaq cəhdlərinin qarşısını alıblar.