İQTİSADİYYAT

Depozit və kreditlər üzrə dollarlaşma azalır

Mərkəzi Bank: "Kredit aktivliyinin tədrici bərpası davam edir. I rübdə bank sistemi üzrə kredit portfeli 1.4%, o cümlədən biznes kreditləri 1%, ipoteka kreditləri 4.4%, istehlak kreditləri 0.5% artıb".
Sputnik

 

BAKI, 1 may — Sputnik. Valyuta bazarında sabitlik şəraitində həm depozit, həm də kreditlər üzrə dollarlaşmanın azalması davam edir. Bu da milli valyutaya inamın artdığını göstərir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.

Monetar şərait iqtisadi artımın dəstəklənməsi ilə makroiqtisadi sabitliyin qorunması arasında optimal balansın saxlanmasına xidmət etməkdədir.

Əsasən vahid xəzinə hesabı qalığının artması ilə bağlı pul bazasının ilin əvvəlindən dəyişimi neqativ zonada qalmaqdadır. Bu şəraitdə iqtisadiyyatın likvidliyinin dəstəklənməsi məqsədilə sterilizasiya əməliyyatlarının həcmi azaldılıb.

Kredit aktivliyinin tədrici bərpası davam edir. I rübdə bank sistemi üzrə kredit portfeli 1.4%, o cümlədən biznes kreditləri 1%, ipoteka kreditləri 4.4%, istehlak kreditləri 0.5% artıb. Makroprudensial yumşalmaların bir çoxunun iyul ayının 1-dək uzadılması kredit aktivliyinə əlavə dəstək verməkdədir.