Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 1 may — Sputnik. Mediada zaman-zaman hansısa məşhurun ölüm xəbəri yayılır. Bu da həmin məşhurların doğmalarına mənfi təsir edir. Bu yaxınlarda Kütləvi İnformasiya Vasitələrində Xalq artristi Flora Kərimovanın ölüm xəbəri yayıldı. Bunu dəqiqləşdirmək üçün müğənninin köməkçisi Yaqut İmanova ilə əlaqə saxladıq. İmanova bu xəbərin yalan olduğunu dedi: "Bu, yalan xəbərdir. Mən xalam haqqında danışmışam. Media nümayəndələri də yalandan yazıblar ki, Flora xanım dünyasını dəyişib. Media nümayəndələrindən çox xahiş edirəm ki, informasiyanı araşdırmadan məlumat yazmasınlar".
Mərhum məşhur gitaraçı, Xalq artisti Rəmişin də vəfatından öncə dəfələrlə ölüm xəbəri yayılmışdı. Xalq artisti vəfat etdikdən sonra mərhumun xanımı Gülü Hüseynova: "O qədər yalandan Rəmiş öldü yazdız ki, öldü. Gedin, başınıza xına qoyun, Rəmiş öldü. Allah sizi qırsın", - demişdi.
Bir müddət öncə Xalq artisti Azər Zeynalovun dilinin tutulması, danışa bilməməsi haqqında mətbuatda xəbər yayılmışdı.
Xalq artistinin xanımı mətbuatda yayılan Zeynalovun danışa bilməməsi ilə bağlı xəbərlərin yalan olduğunu söyləmiş və buna görə mətbuatı qınamışdı: "Təəssüf ki, mətbuatda yazdılar ki, guya Azər müəllim danışa bilmir. Bunu araşdırmadan necə verə bilərlər? Səhhətində hər şey qaydasındadır, danışa bilir. Sadəcə olaraq həkim deyir ki, ona həyəcanlanmaq olmaz, ona görə də telefondan istifadə etməyə icazə vermir".
Ötən həftə aktyor Elməddin Cəfərovun da ölüm xəbəri yayılmışdı. Aktyor bizə verdiyi açıqlamada KİV-ləri tənqid etmişdi:
"Xəbər yayılandan bəri heç bir iş görə bilmirdim. Dost-tanış, qohum-əqraba hər kəs mənə zəng edirdi. Anlaya bilmirəm, bununla nə qazanırlar? IP qazanmaq xatirinə bunu necə edə bilərlər? Axı mənim də doğmalarım var?! Bu xəbərin ən pisi odur ki, doğru olanda inanmayacaqlar. Sən 10 nəfər izləyici qazanacaqsan deyə mənim doğmalarım stress keçirməlidirlər? Mən heç bir təzminat davası açmadım. Elə xarakterli insan deyiləm. Bu gün mənim doğmalarım narahat oldular, sabah başqası üçün bu xəbəri yayacaqlar. Ola bilər ki, onun doğmaları bu xəbərdən sarsılıb ciddi xələl görə bilər".
Bir müddət əvvəl koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Quliyevin vəfat etməsi barədə xəbər yayılıb. "Yeni Klinika"da müalicə olunan aktyorun ötən gün dünyasını dəyişdiyi bildirilib. TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış məlumatın yalan olduğunu bildirib.
Bəs görəsən, bununla bağlı qanunvericiliyimizdə konkret olaraq maddə varmı? Bunu araşdırmaq üçün hüquqşünas Xəyal Bəşirovla əlaqə saxladıq. Hüquqşünasın Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, qanunvericilikdə yalan xəbər verən hansısa mətbu orqanı cəzalandırma kimi maddə yoxdur: "Bu cür xəbərlərin rezonansından kiməsə xələl gələrsə, bunu sübut etmək də çətindir. Əgər bu xəbərdən kiminsə səhhətində problem yaranıbsa, sağlamlığına zərər vurulması ilə bağlı cinayət məsuliyyətinə cəlb oluna bilər. Amma bunu o xəbərlə əlaqələndirmək və sübuta yetirmək çox çətin bir prosesdir. Bəzi ölkələr var ki, bu cür xəbərləri yayanları bəzən inzibati, bəzən də cinayət məsuliyyətinə cəlb edirlər. Amma bizdə bu yoxdur. Hazırda informasiya dövrüdür. Bu cür xəbərlər tez-tez yayılır və insanlar bundan zərər çəkirlər. Əslində bununla bağlı inzibati məsuliyyət tədbirləri nəzərdə tutulmalıdır. Bu tipli xəbərlərə görə "şəxsi həyata müdaxilə" maddəsi ilə də cinayət işi açıla bilər. Amma bunu da sübuta yetirmək lazım gələcək".