RUSİYA

Putin Rusiyanın Xəzər regionundakı layihələrindən danışıb

"Təkcə həyata keçirilməkdə olan layihələri sona çatdırmaq deyil, bizim iqtisadi fəaliyyətimizin, iqtisadi operatorlarımızın fəaliyyətinin genişləndirilməsinə dair planlarımız da var"
Sputnik

BAKI, 30 aprel — Sputnik. Rusiya Xəzər regionunda energetika sahəsində böyük layihələr icra edir, əlavə olaraq iqtisadi fəaliyyəti genişləndirmək planlarımız da var. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, belə bir açıqlama ilə Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri ilə keçirdiyi iclasda çıxış edib.

"Təkcə həyata keçirilməkdə olan layihələri sona çatdırmaq deyil, bizim iqtisadi fəaliyyətimizin, iqtisadi operatorlarımızın fəaliyyətinin genişləndirilməsinə dair planlarımız da var", - deyə Putin Xəzər regionunda mövcud vəziyyətin müzakirəsi zamanı bildirib.

Prezident iclas çərçivəsində Rusiyanın bu regionda maraqlarının təmin olunmasına dair bütün məsələlərin müzakirə olunmasını təklif edib.

İclasda Federasiya Şurasının sədri Valentina Matviyenko, TŞ sədrinin müavini Dmitri Medvedev, prezident administrasiyasının rəhbəri Anton Vayno, TŞ katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, XİN rəhbəri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin, prezidentin təbiəti mühafizə, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.