MƏDƏNİYYƏT

Film layihələri müsabiqəsi yekunlaşıb - VİDEO

Pitçinq mərhələsində iştirak hüququ qazanan 26 layihə Münsiflər heyəti tərəfindən bədii-kinematoqrafik keyfiyyətləri nəzərə alınaraq qiymətləndirilib.
Sputnik

BAKI, 30 aprel — Sputnik. Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, Vətən müharibəsində qazanılmış Böyük Zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş "Böyük Qayıdış" qısametrajlı bədii, sənədli və animasiya filmi layihələri müsabiqəsinin sonuncu – pitçinq (layihələrin müəlliflər tərəfindən təqdimatı) mərhələsi keçirilib. Dövlət Film Fondunda keçirilən tədbirdə kinorejissor, Xalq artisti Vaqif Mustafayevin rəhbərlik etdiyi münsiflər heyəti təqdimatları izləyib, müəllifləri dinləyib.

Yeri gəlmişkən, pitçinqdə müsabiqənin bədii seçim mərhələsindən keçmiş 26 layihə (12 bədii film, 8 sənədli film, 6 animasiya filmi layihələri) təqdim olunub. Həmin layihələrdən 19-u isə müstəqil prodüser mərkəzləri, 6-sı dövlət studiyaları, 1-i televiziya kanalı tərəfindən təqdim edilib.

Pitçinq mərhələsində iştirak hüququ qazanan 26 layihə Münsiflər heyəti tərəfindən bədii-kinematoqrafik keyfiyyətləri nəzərə alınaraq qiymətləndirilib.

Qeyd edək ki, seçim prosesi münsiflərin açıq səsverməsi yolu ilə həyata keçirilmiş, 7 münsifdən 2-si bitərəf qalmış, 5-nin səs çoxluğu ilə a11 layihə qalib seçilib.

Qalib layihələr aşağıdakılardır:

BƏDİİ FİLMLƏR

"İnteraz Media and Broadcasting" MMC - "Tanrının nəbzi"

"Mozalan" studiyası MMC - "İkinci planetin qırmızı rəngi"

"Karvan production" MMC -"Arxa cəbhə"

"Debüt" studiyası - "İki gün"

"Ultra Production" MMC - "Hasar"

SƏNƏDLİ FİLMLƏR

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası - "Fulya"

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası - "Müharibənin uşaqları"

"Balans" MMC - "Çin olan gizlinlər"

"Debüt" studiyası - "Evimin səsi"

ANİMASİYA FİLMLƏRİ

"Birlik kinostudiyası" MMC - "Qarabağ nağılı"

"OB Film" MMC - "Tarix"

Müsabiqənin Pitçinq prosesini aşağıdakı linkdən izləmək olar:

https://www.youtube.com/watch?v=5Kd0ddaBxsc

Son olaraq qeyd edək ki, qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.