İQTİSADİYYAT

Ekspert: “Ölkəmizdə avtomobil parkının yenilənməsi üçün bir neçə üsul var”

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, kredit şərtləri sadələşdirilmiş olsa, insanlar daha çox yeni avtomobillər almaqda maraqlı olacaqlar.
Sputnik

“Bu gün Azərbaycanın avtomobil parkı olduqca köhnədir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

Ekspert bildirib ki, ölkəmizdə milyon yarım nəqliyyat vasitəsi var və bunların böyük hissəsi Abşeron, Bakı ərazisindədir: “Bu, ətraf mühitə və insanların sağlamlığına böyük zərər vurur. Eyni zamanda avtomobillərin belə sıx yerləşməsi yollarımızda təhlükəni də artırır. Ölkəmizdə avtomobil parkının yenilənməsi üçün bir neçə üsul var. Bunlardan biri ölkəmizə idxal olunan ekoloji təmiz avtomobillər üçün tətbiq edilən rüsumların azaldılmasıdır. Əgər biz belə avtomobillər üçün gömrük rüsumlarının, mühərrikin həcmi üçün alınan aksiz vergisini azaltmağı bacarsaq, ölkəmizə yeni avtomobillərin gətirilməsini stimullaşdırmış olarıq. Eyni zamanda ölkəmizdə avtomobil kreditlərinin verilmə şərtləri sadələşdirilməlidir. Kredit şərtləri sadələşdirilmiş olsa, insanlar daha çox yeni avtomobillər almaqda maraqlı olacaqlar. Bu da öz-özlüyündə köhnə avtomobillərin dövriyyədən çxımasına gətirib çıxaracaq. Digər proqram isə utilizasiya ola bilər. Amma düşünürəm ki, bu gün utilizasiya proqramını həyata keçirmək bizim üçün çətin olacaq”.

Qeyd edək ki, Azərbaycanda ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələri üçün müvafiq infrastrukturun yaradılması istiqamətində təkliflər hazırlanıb. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) 2021-ci ilin I rübü üzrə hesabatında bildirilir.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz