BAKI, 30 aprel — Sputnik. Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd edilir. Sputnik Azərbaycan xəbər verir ki, Beynəlxalq Caz Günü münasibətilə dəyirmi masalar, caz improvizələrinə dair ustad dərsləri, habelə caz mövzusu ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. Bu tədbirlər cazın vətəni hesab edilən Yeni Orleanın Konqo meydanında xüsusi konsert proqramı ilə davam etdirilir.
Azərbaycanda da cazı çox sevirlər. Dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən Beynəlxalq caz festivallarına olan maraq bir daha sübut edir.
Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi ötən əsrin 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı "Dövlət Cazı" adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub. Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı "Qaya" ansamblı ilə başlayır. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanmışdır. Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Virtouz musiqiçi muğamla cazın sintezini yaradıb. Özündən sonra onun yolunu qızı Əzizə Mustafazadə davam etdirir.
Böyük təməllər üzərində qurulmuş Azərbaycan cazı indi gənc ifaçıların timsalında daha da inkişaf edir. Beynəlxalq Montre caz festivalının qalibi İsfar Sarabskinin adını çəkmək yetərlidir ki, Azərbaycanda caz ənənəsinin necə yaşadığının şahidi olasan. Həmçinin Rain Sultanov, Salman Qənbərov, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli kimi tanınmış ifaçılar bu ənənələri uğurla davam etdirirlər.