Azay Quliyev yeni yaradılan qurumun Müşahidə Şurasının sədri seçilib

QHT-lərə Dövlət Dəstəyi Şurasının hüquq və öhdəlikləri, habelə əmlakı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə keçib.
Sputnik

BAKI, 30 aprel - Sputnik. Millət vəkili Azay Quliyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri seçilib!
Sputnik Azərbaycan xəbər verir ki, aprelin 30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb. Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının tərkibi təsdiqlənib

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 19-da Azərbaycanda qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" 2007-ci il 13 dekabr tarixli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əsasında "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxsin yaradılmasına qərar verilib. QHT-lərə Dövlət Dəstəyi Şurasının hüquq və öhdəlikləri, habelə əmlakı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə keçib.

Azay Quliyev bundan əvvəl AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri idi.