Almaniya 180 azərbaycanlıya sığınacaq verməkdən imtina edib

Bu ilin ilk üç ayında ümumilikdə 25,6 min nəfər qaçqın statusu üçün federal idarəyə müraciət edib. Ən çox müraciət isə Suriya, Əfqanıstan və İraq vətəndaşlarından daxil olub.
Sputnik

BAKI, 30 aprel — Sputnik. Bu ilin yanvar-mart aylarında Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) bu ölkədə sığınacaq almaq istəyən 180-ə qədər Azərbaycan vətəndaşına rədd cavabı verib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə BAMF məlumat yayıb.

Məlumatda deyilir ki, bu ilin ilk üç ayında federal idarə 288 sığınacaq müraciət ilə bağlı qərar verib. Federal idarə məhkəmələri 176 Azərbaycan vətəndaşı ilə bağlı qərarı qüvvədə saxlayıb və onlar barəsində deportasiya qərarı çıxarıb.

Digər şəxslər isə Cenevrə Qaçqınlar Konvensiyasına uyğun olaraq qaçqın və qorunma statusları alıblar.

Həmin dövrdə ümumilikdə 48 Azərbaycan vətəndaşı tərəfindən qaçqın statusu üçün müraciət daxil olub.

BAMF-dan bildirilib ki, bu ilin ilk üç ayında ümumilikdə 25,6 min nəfər qaçqın statusu üçün federal idarəyə müraciət edib. Ən çox müraciət isə Suriya, Əfqanıstan və İraq vətəndaşlarından daxil olub.