QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Tərtərdə dəhşətli cinayətlər seriyası: 500-ə yaxın məzarı viran ediblər

"Bütün bunlar həm də onu göstərir ki, ermənilərin dini inancları da şübhəlidir. Çünki bütün dinlərdə qəbiristanlıqlara müqəddəs məkan kimi hörmətlə yanaşılır".
Sputnik

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 28 aprel — Sputnik. 44 günlük müharibə zamanı erməni hərbi birləşmələrinin müharibə qanunlarına sığmayan daha bir vəhşiliyi məzarlıqları atəşə tutması idi. Tərtərdə 44 gün ərzində 11 məzarlıq düşmən hücumuna məruz qaldı. Ən acınacaqlı vəziyyət isə Tərtər rayonunun Səhləbad kənd məzarlığındadır. Buradakı mənzərə insanı dəhşətə gətirir.

Səhləbad kənd məzarlığında XVII-XVIII əsrlərə aid Osmanlı məzarlıqları var. Onlar həm də tarixi abidələrdir. 44 günlük müharibə zamanı ermənilərin bu məzarlığı atəşə tutması nəticəsində sözügedən tarixi abidələr tamamilə dağılıb, məhv olub. Məzarlıqdakı bu mənzərə əlbəttə ki, bir təsadüf ola bilməzdi. Bu yerlərin daim atəş altında saxlanılması onu deməyə əsas verir ki, vandalizm aktı məqsədli şəkildə həyata keçirilib. Kənd sakini Zöhrab Allahverdiyev deyir ki, 44 gün müddətində ermənilər hər gün kəndi atəşə tuturdu. "Həmin hadisələr zamanı XVII - XVIII əsrə aid olan Osmanlı qəbiristanlığı da tanınmaz hala düşüb. Burda qəbirlərin hamısı tamamilə dağıdılıb. Ermənilərin Azərbaycan Ordusuna gücü çatmırdı, o səbəbdən də davamlı olaraq dinc əhalini, məzarlıqları atəşə tuturdu. Kəndin məzarlığı demək olar ki, vandalizm aktına məruz qalıb".

Tərtərdə dəhşətli cinayətlər seriyası: 500-ə yaxın məzarı viran ediblər

Müsahibimiz bildirir ki, Səhləbad kəndi 44 günlük müharibə zamanı Tərtərin ən çox atəşə məruz qalan kəndlərindən biri olub: "Məzarlıq Ermənistan silahlı qüvvələri tərəfindən davamlı olaraq artilleriya atəşinə tutulurdu. Nəticədə 65 məzar daşı tamamilə dağılıb, 265 qəbir daşına isə ciddi ziyan dəyib. Ermənilər bizimlə yox, hətta bizim qəbirlərimizlə də müharibə aparıblar".

Zöhrab Allahverdiyev deyir ki, burada erməni vandallığından zərər görən təkcə Səhləbad kəndi deyil. Rayonun Qapanlı, Qarağacı kənd qəbiristanlığı da eyni müqəddəratı yaşayıb. "Bizi çox güclü atəşə tuturdular və kəndi atəş altında saxlayırdılar. 30-dan çox ev tamamilə dağılıb. 100-dən çox evə mərmi düşüb. Ən çox ziyanı bizim qəbiristanlıq çəkib. Vətən müharibəsi dönəmində erməni hərbi birləşmələri bu qəbiristanlıqlarda da məzar daşlarını dağıdıblar. Haqq savaşı zamanı hətta Tərtər şəhər qəbiristanlığına atılan artilleriya mərmisi nəticəsində dəfn mərasimi zamanı 4 nəfər mülki vətəndaş da həyatını itirdi. Bütün bunlar həm də onu göstərir ki, ermənilərin dini inancları da şübhəlidir. Çünki bütün dinlərdə qəbiristanlıqlara müqəddəs məkan kimi hörmətlə yanaşılır".

İndi Tərtərdə çox az şəxs tapılar ki, doğmalarının məzarları düşmən gülləsindən zədələnməsin. Daha bir müsahibimiz, kənd sakini Vəli Kərimovun da yaxınlarının məzarları ermənilər tərəfindən dağıdılıb. "Ermənilər qəbiristanlığı dayanmadan atəşə tuturdu. Bizim yaxınlarımızın, əzizlərimizin qəbirlərinə xeyli ziyan dəyib. Biz qəbiristanlıqda dəfn prosesini həyata keçirirdik. Başladılar kəndi atəşə tutmağa. Tez-tələsik dəfni icra edib, oranı tərk etdik. Biz çıxandan sonra qəbiristanlığı da atəşə tutdular. Mərmilərdən biri dəfn mərasimi keçirdiyimiz məzarın yaxınlığına düşdü. Biz ordan tez çıxmasaydıq, mən və yanımda olan adamlar ya xəsarət alacaqdıq, ya da öləcəkdik. Bizim yaxınlarımızın qəbirləri də daxil olmaqla dağılmış bütün qəbiristanlıqlarda siyahılaşma işləri aparılıb. Yaxın günlərdə düzəldilməsi istiqamətində tədbirlər görüləcək".

Qeyd edək ki, ümumilikdə Tərtərdə 44 günlük vətən müharibəsi zamanı erməni hərbi birləşmələrinin müxtəlif çaplı silahlardan atəş açması nəticəsində 500-ə yaxın məzar zərər görüb. Onların əksəriyyəti tamamilə dağılıb.