CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Microsoft" şirkəti "Windows 10"dakı kritik səhvi aradan qaldırıb

Şirkət problemin mövcudluğunu rəsmən etiraf etməsə də, həmin sistem səhvinin tam aradan qaldırılmasını təmin edən KB5001330 kodlu yenilənməni istifadəyə verib.
Sputnik

 

BAKI, 29 aprel — Sputnik. İstifadəçilərin kompüterlərindəki "Windows 10" əməliyyat sistemində ehtiyat surətlərin itməsi ilə bağlı səhvlər "Microsoft" şirkətinin aprel yenilənmələrində aradan qaldırılıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, adıçəkilən səhv əməliyyat sisteminin fevral yenilənmələrində müşahidə olunub.

Belə ki, həmin sistem səhvi "Windows"da problemlər yarandığı təqdirdə istifadəçiləri bir çox çətinlikdən qurtaran "ehtiyat surətlərin avtomatik yaradılması" funksiyasının itməsinə səbəb olub. Bundan əlavə, həmin surətlərin səyyar qaydada da yaradılması da mümkün olmayıb.

"Microsoft" şirkəti təqribən iki ay istifadəçiləri narahat etmiş problemin mövcudluğunu rəsmən etiraf etməsə də, həmin sistem səhvinin tam aradan qaldırılmasını təmin edən KB5001330 kodlu yenilənməni istifadəyə verib.

Lakin fevral yenilənməsi ilə bağlı problemlər hələ də tam olaraq aradan qalxmayıb. Belə ki, istifadəçilər hələ də bəzi kompüterlərdə veb-kameraların işinin sabitliyinə mənfi təsir edən digər bir sistem səhvindən şikayət edirlər.