CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Şuşaya ilk gələn adamla bir neçə dəfə gedən insanı ayırd etmək mümkün idi" - FOTO

"Hər bir tarixi hadisədən sonra əyani-əşyavi dəlillər toplanmalıdır ki, gələcək nəsillərin əlində faktlar, sübutlar olsun".
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Bu gün Milli Azərbaycan Tarixi Muzeyində "Ermənistanın dövlət terrorizmi Azərbaycan fotoqraflarının obyektivində" adlı fotosərginin açılışı olub. Sputnik Azərbaycan xəbər verir ki, fotosərgi Azərbaycanın 44-günlük Vətən müharibəsinə həsr olunan "Anadır arzulara hər zaman Qarabağ" adlı sərginin çərçivəsində hazırlanıb.

"Şuşaya ilk gələn adamla bir neçə dəfə gedən insanı ayırd etmək mümkün idi" - FOTO

Fotosərgidə Elgün Gəncimsoy, Əziz Kərimov, Famil Mahmudbəyli, İlkin Səlifov, Maya Bağırova, Mirnaib Həsənoğlu, Vəli Şükürzadə tərəfindən çəkilmiş 50-dən artıq fotoşəkil nümayiş olunur. Fotoşəkillərin toplanmasında Azərbaycan Fotoqraflar Birliyinin sədri, fotoqraf Mirnaib Həsənoğlu muzeyə dəstək olub. Tanınmış fotoqraf özü də işğaldan azad olunmuş torpaqlarda olub. Həsənoğlu öz təəssüratlarını bizimlə bölüşüb:

"30 ildən sonra gedib o yerləri görmək başqa bir hiss idi, xüsusən də hadisələrin yeni-yeni başladığı dönəmlərdə. Hərdən mənə yuxu kimi gəlir, bu, reallıqdırmı? Orada çoxlu xəbərdarlıq var idi. Minalanmış ərazilər, qadağan olunmuş ərazilər bizə istədiyimizi çəkməyə mane olurdu. O qədər qadağalar olurdu ki, hətta şəhərə gələndə çəmənliyə ayağını qoyanda psixoloji olaraq qorxu yaranmışdı ki, bəlkə, ayağımın altında mina var?

Mən ömrümdə Şuşanı görməmişdim. Şuşa məkanca balaca olsa da, xəyallarımızda onu o qədər böyütmüşük ki... Amma gedib baxdıq ki, Şuşa ərazicə kiçik, xəyallarımızdakı Şuşa çox nəhəngdir. Şuşada hər kəs bir-biri ilə mehribanlıqla salamlaşırdı. Şuşaya ilk gələn adamla bir neçə dəfə gedən insanı ayırd etmək mümkün idi. İlk dəfə gələn adamlar o qədər həyəcanla, bir əlində sükan, bir əllərində telefonla çəkə-çəkə daxil olurlar. Çalışırdıq, orada olan hər şeyi dəqiqliklə yadımızda saxlayaq. İşğaldan azad olunmuş digər ərazilərdə də olduq, amma Şuşa tam başqa idi".

Milli Azərbaycan Tarixi Muzeyinin sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovun sözlərinə görə, sərginin təşkilində məqsəd, Ermənistanın Azərbaycana qarşı törətdiyi terrorun əyani olaraq nümayiş etdirilməsidir: "Hər bir tarixi hadisədən sonra əyani-əşyavi dəlillər toplanmalıdır ki, gələcək nəsillərin əlində faktlar, sübutlar olsun. Azərbaycanın raket-artilleriya zərbələrinə məruz qalmış ərazilərində olan, həm də azad olunmuş ərazilərdə fotoqrafların öz gözləri ilə gördükləri və çəkdikləri məqamların muzey tərəfindən toplanması gələcək nəsillər üçün olduqca əhəmiyyətlidir.

Bu fotoları biz sadəcə sərgiləmirik. Bu fotolar burada toplanacaq, hər birinə inventar nömrə veriləcək. Hər birinin çəkilmə tarixi və məkanı qeyd olunacaq. Fotoqraf özü bu fotoları hansı şəraitdə çəkməsi ilə bağlı məlumat verəcək. Bundan sonra bu fotolar danılmaz fakt kimi Milli Azərbaycan Tarixi Muzeyinin sənədli mənbələr fonduna daxil olacaq.

Bir neçə fotoşəklin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən təqdim olunan raket, mərmi və mina qalıqları ilə birlikdə nümayiş etdirilməsi fotosərgini daha da tamamlayır. Həmçinin Bərdəyə atılmış "Smerç" raketinin qalığı da muzeyə təqdim edilib. Burada gördükləriniz hər biri real əşyalardır. Fotosərgi bir neçə gün davam edəcək".

"Şuşaya ilk gələn adamla bir neçə dəfə gedən insanı ayırd etmək mümkün idi" - FOTO

Qeyd edək ki, fotosərgi iki hissədən ibarətdir. Birinci hissədə 27 sentyabr – 10 noyabr tarixlərində Azərbaycan şəhər və kəndlərinə Ermənistan ordusu tərəfindən atılmış raket və mərmilərin törətdikləri fəlakət və dağıntıların nəticələrini əks etdirən fotoşəkillər nümayiş olunur. Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan hərbi-siyasi rəhbərliyi erməni ifrat millətçilərinin ən sevdiyi silaha - terrora əl atıb. Beləliklə, Ermənistanın terrorizmi dövlət siyasətinin bir ünsürünə çevirdiyi ölkə olduğu bir daha təsdiqlənib. Gəncə, Bərdə, Tərtər, Ağdam və başqa ərazilərdə erməni hərbi cinayətlərini fotolentə köçürən fotoqrafların işləri heç kimi biganə qoymayacaq.

"Şuşaya ilk gələn adamla bir neçə dəfə gedən insanı ayırd etmək mümkün idi" - FOTO

İkinci hissədə işğaldan azad edilmiş torpaqlarda olan, erməni terrorizmini öz gözləri ilə görüb, fotoaparatları vasitəsilə tarixə həkk edən Azərbaycan fotoqraflarının əsərlərinin bir qismi sərgilənir. Fotoşəkillərin döyüş əməliyyatları gedən vaxt və ya dərhal əməliyyatlardan sonra çəkilməsi onları danılmaz tarixi mənbəyə çevirir.

Fotosərginin təşkilində məqsəd respublika ictimaiyyətini və xarici qonaqların diqqətini çəkilmiş fotoşəkillərin tarixi əhəmiyyətinə cəlb etməkdir. Fotosərgidə təqdim olunan işlər Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fonduna daxil edilərək, daimi eksponat kimi qorunacaq.