CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənilər gediblər, ziyankarlıqları qalıb: bir-bir əllə təmizləyirlər - FOTO

ANAMA-nın təşkilatçılığı ilə bir qrup media əməkdaşı Qubadlıda və Zəngilanda olub. Səfərin məqsədi erməni işğalından azad edilmiş yaşayış məntəqələrinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi ilə tanış olmaqdır.
Sputnik

 

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) partlamamış hərbi sursatlar qrupu tərəfindən Zəngilan rayonunda ərazilərin təmizlənməsi davam etdirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, tikiləcək hava limanının yerləşəcəyi ərazidə ilkin olaraq 68 min kvadratmetr ərazi təmizlənib. Bundan başqa, ağıllı kənd layihəsinin gerçəkləşəcəyi Birinci və İkinci Ağalı kəndləri ərazisində də təmizləmə işləri davam etdirilir.

"Ağalı kəndi ərazisində əsasən partlamayan sursatlar və Azərbaycan ordusu tərəfindən zərərsizləşdirilən raket qalıqlarına rast gəlinir. Ümumilikdə isə bu günə kimi Zəngilan rayonunda 3530000 kvadratmetr ərazi minalardan təmizlənib. Hazırda İkinci Ağalıda ağıllı kənd layihəsi sahəsində tikiləcək evlərin ərazisi minadan təmizlənir. Təmizlənmə üçün ilkin olaraq 74 hektar ərazi ayrılıb ki, onun da bu günə qədər 43 hektarı artıq partlamamış hərbi sürsatlardan təmizlənib. Gördüyünüz bu ərazidə 28 iş günüdür ki, təmizlənmə əməliyyatları aparılır”, - ANAMA-nın partlamamış hərbi sursatlar qrupunun supervayzeri Anar Vəliyev deyib.

Ermənilər gediblər, ziyankarlıqları qalıb: bir-bir əllə təmizləyirlər - FOTO

Anar Vəliyev ərazinin sıx kollarla örtülü olmasının onların işini bir qədər də çətinləşdirdiyini söyləyib: 

“Gördüyünüz bu ərazidə sıx kolluqlar, erməni vandalları tərəfindən dağıdılmış evlər var ki, bu da  ərazidə təmizləmə əməliyyatlarını əngəlləyir. İşin sürətinə istər-istəməz təsir göstərir. Amma buna baxmayaraq, ANAMA-nın əməkdaşları çalışırlar ki, işi vaxtında sona çatdırsınlar. 43 hektarlıq ərazidə artıq işlərimiz yekunlaşıb. Ağıllı kənd layihəsinin tikintisinə başlanılıb. Orada kənd meydanı deyilən ərazidə artıq işlər görülür”.

Zəngilan rayonunda tikiləcək hava limanının yerləşəcəyi ərazidə ANAMA-nın partlamamış hərbi sursatlar qrupu tərəfindən ilkin olaraq 68 min kvadratmetr ərazi təmizlənib. Müsahibimiz hazırda ərazidə işlərin davam etdirildiyini deyir: "Biz həmin ərazini təmizləyərkən Ağalı kəndi ərazisində vurulmuş raket hissələri aşkar etdik. Ümumilikdə Birinci Ağalı kəndi ərazisində 33 hektara yaxın ərazi tərəfimizdən təmizləndi ki, həmin ərazidə də Qardaşlıq parkı salınıb. II Ağalı kəndi ərazisində isə 43 hektara yaxın ərazi təmizlənərək təhvil verilib”.

Bu gün Qubadlı rayonuna təşkil edilən mediturda da jurnalistlər rayon ərazisində minalardan təmizləmə işlərini izləyiblər. ANAMA-nın partlamamış hərbi sursatlar qrupunun bölmə rəhbəri Bəhruz Namazov bildirib ki, bu günə kimi Qubadlı rayonu ərazisində 3600000 kvadratmetr ərazi minalardan təmizlənib. Təmizləmə işləri zamanı 146 ədəd partlamamış, 12 ədəd tank əleyhinə mina, 2 ədəd piyada əleyhinə mina, 500-dən çox isə xırda çaplı mərmilər aşkar edilərək zərərsizləşdirilib.

Ermənilər gediblər, ziyankarlıqları qalıb: bir-bir əllə təmizləyirlər - FOTO

“Hazırda Qubadlı rayonu Xanlıq kəndi ərazisində əkinə yararlı torpaqlarda təmizləmə işləri davam etdirilir. Ərazidə əsasən əllə təmizləmə əməliyyatlarından istifadə olunur. İşğaldan azad edilən hər iki rayonun ərazisində indiyədək 173 ədəd mina və partlamamış hərbi sursatlar aşkarlanıb. Onların arasında 300 mm-lik “Smerç” raketləri, piyada əleyhinə minalar, tank əleyhinə minalar, habelə plastik minalar var. Bugünkü partlayışda 47 ədəd partlamamış silah-sursat, 8 ədəd tank əleyhinə mina, 2 ədəd piyada əleyhinə Ozem-72 və 6 ədəd tank əleyhinə minanın partladıcısı, 150-dən artıq xırda çaplı güllələrin partlayış yolu ilə zərərsizləşdirilməsi nəzərdə tutulur”.

Ermənilər gediblər, ziyankarlıqları qalıb: bir-bir əllə təmizləyirlər - FOTO

“Xanlıqda 779 min kvadratmetr ərazi tərəfimizdən işarələnib və indiyədək 380 min kvadratmetri təmizlənib. Hal-hazırda xüsusi əməliyyatlarımız bu ərazidə davam etdirilir. 7 milyon 130 min kvadratmetr sahədə 146 ədəddən çox partlamamış hərbi sursat araşdırılıb”.

Bəhruz Namazov deyib ki, hazırda davam etdirilən əməliyyatlar dekabr ayından başlanılıb:

“Zəngilan və Qubadlı ərazisində qrupumuz tərəfindən əməliyyatlara dekabr ayından başlamışıq. Bu dövrə qədər Zəngilan və Qubadlı ərazisində ümumilikdə 7 milyon 130 min kvadratmetr ərazi tərəfimizdən təmizlənib. Əməliyyatlarımız davam edir”.

Qeyd edək ki, ümumilikdə Zəngilan rayonu ərazisində 3530000 kvadrat metr ərazi, Qubadlı rayonu ərazisində isə 3600000 kvadrat metr ərazi minalardan təmizlənib. Zəngilan və Qubadlı rayonları ərazisində indiyədək 173 ədəd mina və PHS aşkarlanıb. Onların arasında 300 mm-lik “Smerç” raketləri, piyadalar əleyhinə minalar, tank əleyhinə minalar, habelə plastik minalar var. Əməliyyatlar zamanı görülmüş təhlükəsizlik tədbirləri nəticəsində hər hansı partlayış və bədbəxt hadisə baş verməyib.