BAKI, 29 aprel — Sputnik. Koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində 2021-ci ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 128 ölkəsindən 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2021-ci ilin aprel sayında öz əksini tapıb.
2021-ci ilin birinci rübü ərzində Azərbaycanda xaricilər bank kartları vasitəsi ilə 83,9 milyon manatlıq əməliyyat aparıb. 2021-ci ilin mart ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 33,4 milyon manat təşkil edib.