SƏHİYYƏ

ABŞ-da mentollu siqaretləri qadağan edə bilərlər

Tənzimləyicinin məlumatlarına görə, gənclərin əksəriyyəti, qaradərililər və aşağı gəliri olanlar mentollu siqaret çəkirlər.
Sputnik

BAKI, 29 aprel - Sputnik. Amerikanın Dərman Preparatları və Ərzaq Məhsullarının Keyfiyyətinə Nəzarət İdarəsi (FDA) ABŞ-da mentollu siqaretlərin qadağan olunmasını təklif edəcək. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

FDA-dan bildirilib ki, ABŞ-da istifadəsinə icazə verilən yeganə aromatlaşdırılmış tütün məhsulu olan mentollu siqaretlərin qadağan edilməsini nəzərdə tutan standartları gələn ildən tətbiq etmək niyyətindədirlər. 

"Bunun sayəsində siqaret çəkməyə başlayan gənclərin sayı xeyli azala bilər, eləcə də siqaret çəkənlər üçün də tərgitmək şansı daha böyük olar", - FDA-nın başçısı Canet Vudkok deyib.

Tənzimləyicinin məlumatlarına görə, gənclərin əksəriyyəti, qaradərililər və aşağı gəliri olanlar mentollu siqaret çəkirlər. Afroamerikalıların da çoxu onun həvəskarıdır. Ölkədə ağciyər xərçəngindən əziyyət çəkənlərin böyük payını da məhz qaradərili kişilər təşkil edir. 

Bundan öncə The Wall Street Journal yazırdı ki, Co Baydenin administrasiyası tütün şirkətlərindən siqaretlərdə nikotinin miqdarını ondan asılılıq yaratmayacaq dərəcədə azaldılmasını tələb edə bilər. Bununla, hökumətin fikrincə, adamlar ya siqareti tərgitməyə, ya da daha az zərərli alternativ, məsələn, elektron siqaret seçməyə məcbur olardılar.