TƏHLİL

Qırmızı xətti keçdilər - Türkiyə isə soyuqqanlıdır

Türkiyə-Rusiya əməkdaşlığının yeni mərhələdə davam etməsi, Dağlıq Qarabağ münaqişəsinin başa çatması ilə bölgədə qurulan yeni əməkdaşlıq platforması ABŞ-ın bölgədəki rolunun zəifləməsinə səbəb olacaq.
Sputnik

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 28 aprel — Sputnik. ABŞ Prezidenti Co Baydenin 1915-c il hadisələri ilə bağlı çıxışında XX əsrin əvvəllərində Osmanlıda ermənilərin kütləvi ölümünü "soyqırım" adlandırması Türkiyədə və Azərbaycanda kəskin etirazla qarşılanıb. Sputnik Azərbaycan Co Baydenin açıqlamasının ABŞ-Türkiyə strateji tərəfdaşlığına və ABŞ-ın Yaxın Şərq, Qafqaz siyasətinə mümkün təsirlərini araşdırıb. Mövzu ilə bağlı Milli Məclisin deputatı Ramil Həsən və Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu Sputnik Azərbaycan-a danışıb.

Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, ABŞ prezidentinin belə bir açıqlama ilə çıxış etməsinin mənfi fəsadlar yaradacağı ehtimal edilir: "ABŞ prezidentinin olmayan bir hadisə haqqqında lobbi əlində alətə çevriləcək açıqlama ilə çıxış etməsi təəssüfləndiricidir. İndiyə qədər bu məsələ Türkiyəyə qarşı şantaj kimi istifadə edilirdi. Artıq bu şantaj vasitəsi də öz gücünü itirdi. Bu bəyanatlar ABŞ-ın Yaxın Şərq və Qafqaz siyasəti üçün də müsbət heç nə vəd etmir. Çünki bölgədəki real vəziyyət onu göstərir ki, Türkiyə bütün regionlarda gücünü artırır. Eyni zamanda Türkiyə-Rusiya əməkdaşlığının yeni mərhələdə davam etməsi, Dağlıq Qarabağ münaqişəsinin başa çatması ilə bölgədə qurulan yeni əməkdaşlıq platforması ABŞ-ın bölgədəki rolunun zəifləməsinə səbəb olacaq".

Bayden "soyqırım" ifadəsini işlətdi: Paşinyan razı qaldı, Çavuşoğlu "xəyanətdir" dedi

Ramil Həsən deyib ki, bölgə dövlətləri arasında münasibətlərin normallaşması və inkişafı məqbuldur: "Azərbaycan bütün dünya dövlətləri ilə etimada və etibara söykənən münasibətlərin qurulmasının tərəfdarıdır. Amma bölgədə gedən proseslər fonunda ABŞ prezidentinin belə bir alətdən siyasi rıçaq kimi istifadə etməsi yeni səhifə açılmasına səbəb olacaq. Bu da qarşıda duran məsələlərə yeni baxışın ortaya qoyulması üçün ön ayaq olacaq".

Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlunun fikrincə, belə bir ifadənin işlənməsi iki ölkə arasındakı münasibətlərə təsirini göstərəcək:

"Türkiyə rəsmilərinin verdiyi açıqlamalardan da bunu hiss etmək olar. ABŞ kimi ölkənin prezidenti tərəfindən saxta iddialarla bağlı səsləndirilmiş fikirlər diplomatik gərginliyi artıracaq. Amma biz həm də bu məsələyə Türkiyə tərəfinin verdiyi reaksiyadakı soyuqqanlılığa diqqət etməliyik. Türkiyə tərəfi haqlı olaraq baş verənlərə emosional yanaşmır. Regionda baş verən proseslər fonunda Türkiyə tərəfinin bu cür reaksiyası anlaşılandır. Sanki hazırda Türkiyə-ABŞ münasibətlərinin pozulmasını istəyən üçüncü tərəflər var. Bu münasibətlərin zədələnməsi ən çox onlara sərf edir. Bu münasibətlərin zədələnməsi kifayət qədər böyük bir regionda məsələlərin inkişaf istiqamətini dəyişə bilər".

"Türkiyənin baş verənlərə adekvat reaksiyası ilə bağlı isə onu demək olar ki, bu məsələyə görə diplomatik cavablar olacaq. Hər şey ABŞ-ın bundan sonra Türkiyəyə münasibətdə atacağı addımlardan asılı olacaq. Bu ifadənin səslənməsinə qədərki proseslərə diqqət edək. Bayden bu açıqlamadan öncə Türkiyə prezidenti ilə danışmışdı. Çıxış mətninə diqqət etdikdə də görürük ki, orada Türkiyəyə ünvanlanmış hansısa ittiham yoxdur. Sanki Bayden bu açıqlama ilə erməni elektoratına verdiyi sözü tutduğunu göstərir. ABŞ həm də Türkiyəni itirməməyə çalışır. Amma bunu qeyd etməliyik ki, qondarma soyqırım iddiaları Türkiyə üçün qırmızı xətdir".