Ən qədim viski şüşəsi hərraca çıxarılacaq

Tədqiqatçılar xüsusi şprisin köməyi ilə şüşədən az miqdarda maye nümunə götürüb. Nəticədə alimlər burbonun şüşəyə 1763-1803-cü illər arasında doldurulduğunu müəyyən ediblər
Sputnik

 

BAKI, 27 aprel — Sputnik. İndiyə qədər məlum olan "Old Ingledew" markalı ən qədim viski iyun ayında "Skinner" onlayn hərracında satışa çıxarılacaq. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, təşkilatçılar həmin şüşə üçün kolleksiyaçılardan 20-40 min dollar arası pul qopara biləcəklərini düşünür.

Viski şüşəsinin dəqiq yaşının müəyyən edilməsi üçün Corciya Universitetinin alimləri cəlb olunub. Tədqiqatçılar xüsusi şprisin köməyi ilə şüşədən az miqdarda maye nümunə götürüb. Nəticədə alimlər burbonun şüşəyə 1763-1803-cü illər arasında doldurulduğunu müəyyən ediblər.

"Skinner"-in nadir alkoqollu içkilər üzrə mütəxəssisi Cozef Hayman hesab edir ki, haqqında danışılan viski JP Morqanın Vaşinqton elitasına 1940-cı illərdə hədiyyə edilmiş zirzəmisindən qalan sonuncu burbon şüşəsidir.

Bir qədər əvvəl "Sotheby's" hərrac evində repçi Kanye Uestin "Nike Air Yeezy" markalı kross ayaqqabıları tarixdə ən baha qiymətə satıldığı bildirilib. Belə ki, aprelin 12-də hərraca çıxarılmış ayaqqabılar artıq aprelin 26-da 1,8 milyon dollara alınıb.