BAKI, 27 aprel — Sputnik. Rusiya sülhməramlılarının avtomobili Qarabağ ərazisində minaya düşüb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində iki hərbi qulluqçu yaralanıb.
"Rusiyalı sülhməramlıları daşıyan avtomobil tank əleyhinə minaya düşüblər. Nəticədə Rusiyanın iki hərbi qulluqçusu müxtəlif yaralar alıb", - deyə məlumatda bildirilir.
Məlumatda həmçinin qeyd olunub ki, hadisə nəticədində Füzuli rayonu ərazisində müharibə zamanı həlak olmuş şəxslərin qalıqlarının axtarışı da təxirə salınıb.
Eyni zamanda, Ermənistan KİV-lərinə istinadən verilən məlumatda hadisə nəticəsində yaralanmış hərbi qulluqçuların tibb mərkəzində olduğu və onların həyatının təhlükədə olmadığı da bildirilir.
Qeyd edək ki, hadisə, guya aprelin 25-də baş verməsinə baxmayaraq, hələ də rəsmi təsdiqini tapmayıb.
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.