Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 27 aprel — Sputnik. Avropa Birliyi yaxın zamanda turist qəbuluna başlayacaq. Ancaq bu, heç də bütün ölkələrə şamil olunmayacaq. Bu barədə "The New York Times" qəzetinə müsahibəsində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib. Onun sözlərinə görə, Avropa Birliyində tövsiyə olunan peyvənddən istifadə olunduğu ölkələrdən gələnlər Avropa Birliyinin 27 ölkəsinə gedə biləcək. Turistlərə qarşı münasibətin, davranış qaydalarının necə olacağı tezliklə müəyyənləşdiriləcək. O qeyd edib ki, sərbəst hərəkətin təşkili isə dünyadakı epidemioloji durumdan asılı olacaq. Hazırda Avropada Dərman Agentliyi tərəfindən təsdiqlənən peyvəndlər siyahısında "Pfizer/BioNTech", "AstraZeneca", "Moderna" və "Johnson & Johnson" var.
Turizm mövsümü yaxınlaşdıqca, xaricə səyahət arzusunda olan Azərbaycan vətəndaşlarını da düşündürən əsas suallardan biri onlara peyvənd seçimi ilə bağlı hər hansı məhdudiyyətin tətbiq olunub-olunmayacağı ilə bağlıdır. Qeyd edək ki, Azərbaycanda əhaliyə Çin istehsalı olan "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin istehsalı olan "CoronaVac" peyvəndi vurulur. Avropa Birliyinin yalnız Avropada Dərman Agentliyi tərəfindən təsdiqlənən peyvəndləri vurduranlara "yaşıl işıq" yandırması digər vaksinlərin tətbiq edildiyi ölkələrin vətəndaşları üçün ayrıseçkilik kimi qiymətləndirilir.
Sputnik Azərbaycan-a bununla bağlı açıqlama verən turizm üzrə ekspert Ruslan Quliyev bildirib ki, dünyada koronavirus əleyhinə vaksin bölgüsündə ədalət prinsipi pozulur. Onun sözlərinə görə, peyvəndlərin paylanılmasında ayrıseçkiliyə yol verilir. Ekspert deyir ki, Avropanın tətbiq etdiyi vaksinlərə üstünlük verilməsi, peyvəndlərə ayrıseçkiliyin qoyulması turizm hərəkətliliyini ləngidə bilər. R.Quliyev bildirir ki, bu halda turizmdə təhlükəsizlik dəhlizi də yaradıla bilər: "Beləcə dövlətlər pandemiya dövrünün tələblərinə əməl etməklə qarşılıqlı səfər razılaşması həyata keçirə bilərlər".
R.Quliyev deyir ki, bundan əlavə 48 saat test nəticəsinin tanınması müddəti də artırılmalıdır.
Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, peyvəndlər hazırlanma texnologiyalarına görə bir-birlərindən fərqlənsə də əsas məqsədləri eynidir. Onun sözlərinə görə, koronavirus əleyhinə hazırlanan peyvəndlərdə məqsəd bir olduğundan, vaksinlərə görə fərqin qoyulması düzgün qiymətləndirilə bilməz:
"Koronavirus əleyhinə hazırlanan peyvəndlərin məqsədi odur ki, insanlar bu virusa az yoluxsun, yoluxduqda isə ağır keçirməsin. Effektivliyinə görə hazırda Azərbaycanda istifadə edilən "CoronaVac" peyvəndi yüksək qiymətləndirilir. Çin istehsalı olan "CoronaVac" peyvəndi inaktiv peyvənddir. Bu vaksin ənənəvi qaydada hazırlanıb. Rusiya istehsalı olan "Sputnik V" peyvəndi isə vektor texnologiyasına əsasən hazırlanır. "Sputnik V" vaksininin hazırlanmasında insan adenovirusu əsasında iki müxtəlif vektorun kombinasiyasının unikal texnologiyasından istifadə edilir. "AstraZeneca" peyvəndi də vektor texnologiyası ilə hazırlanır. Virusun kiçik hissəciyi antigen xüsusiyyəti daşıyır, adenovirusun üzərinə yerləşdirilir.
Adenovirus daşıyıcı xarakter daşıyır. Eləcə də "Pfizer-Biontech" və "Moderna" vaksinləri koronavirusun genetik kodundan istifadə edilərək fərqli üsulla hazırlanmış "yeni nəsil" peyvənd qrupuna daxildir. ÜST 47-48 faizdən artıq effektivliyi olan vaksinləri yararlı və təsirli hesab edir. Bu halda Avropa Birliyinin vaksinlərlə bağlı ayrıseçkilik etməsi birmənalı qarşılana bilməz. Aparılan araşdırmalara görə, vaksinasiya olunmuş şəxslər ya xəstəliyə tamamilə tutulmur, ya da yüngül keçirir. Bu, çox mühüm amildir. Bununla belə, Azərbaycan bütün vaksin namizədlərin alınması istiqamətində danışıqlar aparır və əhaliyə də seçim verilir. Mütləq nəzərə almalıyıq ki, bizim üçün vaksinin təhlükəsizliyi çox önəmlidir".
Qeyd edək ki, Azərbaycanın da istifadə etdiyi "CoronaVac" peyvəndindən dünyanın 50-dən çox ölkəsində istifadə edilir. Məlumat üçün bildirək ki, koronavirus əleyhinə penvəndlərlə bağlı ÜST-ün təcili istifadə siyahısı var. Həmin siyahıda koronavirus əleyhinə Çinin "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin istehsalı olan "CoronaVac" peyvəndinin adı yoxdur. Sputnik Azərbaycan-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, mayın 3-də Azərbaycanda tətbiq olunan Çinin "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin istehsalı olan "CoronaVac" peyvəndi Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus əleyhinə peyvəndlərlə bağlı təcili istifadə siyahısına salınacaq.