RUSİYA

COVID-19-a yoluxmaqdansa vaksin vurdurmaq yaxşıdır – professor

Qamaleya adına İnstitutun baş elmi işçisi Anatoli Altşteyn Sputnik V vaksininin COVID-19-un Britaniya və digər ştammlarından qoruyub-qorumadığı, peyvəndlənmiş insanın yoluxdurma qabiliyyəti və vaksindən sonra maska taxmağın vacibliyindən danışıb.
Sputnik

Virusoloq Anatoli Altşteyn hesab edir ki, hazırda koronavirus zəifləsə də, bu, kifayət qədər deyil, sadəcə insanlar onun mövcudluğuna alışıb, həkimlər isə xəstəliyi sağaltmağı öyrəniblər. 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı epidemiya elan edərkən durum tamam başqa idi – inkişaf etmiş ölkələrdə xeyli insan bu xəstəlikdən ölürdü. Ölüm göstəricisi səhiyyənin kifayət qədər yüksək səviyyədə olduğu Avropada 10-15% idi. İki aydan sonra isə ölüm halları azaldı, hazırda isə 2% civarındadır.

Sputnik Agentliyinə müsahibəsində professor Altşteyn rusiyalı alimlərin vaksini hamıdan öncə hazırlamaqlarından danışıb.

“Həmkarlarımın bu növdən olan vaksin hazırlanmasında ilkin təcrübələri vardı. COVID-19-dan bir neçə il əvvəl onlar MERS (Yaxış Şərq respirator sindromu – red.) əleyhinə peyvənd düzəltmişdilər. Belə bir vaksin hazırlanmasının bütün prinsipləri vardı, onlar onu adenovirus vektorunun köməyi ilə ərsəyə gətirdilər. Eyni zamanda adenovirusa hansı zülal və genləri hansı dozada daxil etməyi, vaksinə dönməsi üçün adenovirusu necə hazırlamağı, insanları hansı dozalarla və hansı ardıcıllıqla peyvəndləməyi də düzgün hesabladılar. Nəticədə də yaxşı vaksin alındı”, - Anatoli Altşteyn deyib.

Əcəb şəfqətdir: Qırmızı Xaçın əməkdaşı vaksini dəyişdirdi

O qeyd edib ki, birinci xəstələnən çinlilər də bu işdə yaxşı köməkçi olublar. Çində virusologiya çox gözəl inkişaf edib, onlar diaqnostika metodlarını təyin elədilər, bu virusun genetik ardıcıllığını ilk olaraq araşdırıb dərc elədilər – bu virusun genetik materialını təşkil edən təqribən 30 min nukleotid var. Bu isə bütün dünya üçün bir xəzinə oldu.

Həmin məlumatları rusiyalı virusoloqlar da əldə etdilər və dərhal da vaksin hazırlanmasına başladılar.

2020-ci ilin avqustunda onlar artıq vaksinin birinci və ikinci sınaq fazalarını keçirərək  onu qeydiyyata aldılar.

“Sputnik V-nin digər vaksinlər qarşısında üstünlüyü odur ki, o, lazımı kliniki sınaqların hər üç fazasını keçdi. Üçüncü faza ən mürəkkəbdir və onu aparmaq çətindir. Bunun üçün on minlərlə insan tələb olunur və orada mütləq plasebo qrupu olmalıdır. Və yalnız əhəmiyyətli plasebo qrupuna malik üçüncü fazanı həyata keçirdikdən sonra, yəni vaksin deyil, digər yalançı maddə və ya peyvənd vurulmuş adamlarla peyvənd vurulmuş və xəstələnmiş insanların nəticələrini tutuşdurandan sonra deyə bilərsiniz ki, bu vaksin effektiv olub. Həmçinin onun nə qədər effektiv olduğunu da anlayırsınız”, - virusoloq deyib.  

ABŞ "Johnson&Johnson" peyvəndi ilə vaksinasiyanı dayandırmağı tövsiyə etdi>>

Qamaleya İnstitutunun vaksini o qədər effektiv alınıb ki, demək olar ki, dünya üzrə aşkar olunmaqda davam edən bütün ştammlara qarşı müqavimət göstərə bilər. Anatoli Altşteyn əmindir ki, Sputnik V indi haqqında çox danışılan Cənubi Afrika ştammını da dəf edir. Britaniya ştammı geniş yayıla bilər, çünki o, insandan-insana ötürülmə mexanizminə uyğundur.  Mütəxəssis əmindir ki, Rusiya vaksini onun öhdəsindən gəlməyə qadirdir.

Müəyyən irq və millətlərin koronavirusa daha çox yoluxmağı barədə söhbətləri virusoloq mif hesab edir. Baxmayaraq ki, Mərkəzi Asiya ölkələrində yoluxma və ölüm halları, doğrudan da, aşağıdır.  Ancaq eyni zamanda vaksinasiya ilə bağlı durum ürəkaçan deyil. Məsələn, Ukrayna və Rusiyada xəstəliyin ahəngi eynidir. “İnsanlar arasında fərq var, amma hansısa irq və ya millətin az, hansınınsa daha çox xəstələndiyi barədə dəqiq məlumatlarsa yoxdur”, - ekspert deyib.

Professor Altşteyn peyvənd olunmuş və orqanizmində yüksək anticisim sayı təsbit olunmuş şəxslərin maska və əlcək taxmağının niyə vacib olduğunu da izah edib. Bunun iki səbəbi var. Əvvəla, vaksinasiya hələ təzə başlayıb və insanların çoxu peyvənd olunmayıb: “Bu o deməkdir ki, peyvənd olunmuş insanlarda virus infeksiyası ola bilər. Onlar üçün zəmanətli olan isə budur ki, çox aşağı da olsa virusu başqasına ötürə bilsələr də, özləri ağır xəstələnməyəcək və bu xəstəlikdən ölməyəcəklər. 

Çin və Rusiya vaksinləri ən yaxşı peyvənddir - Millət vəkili
İkinci səbəb isə - peyvənd olunmuş şəxslərə maskasız gəzmək kimi bir güzəşt verilməsi yaxşı deyil. Çünki o zaman heç kim epidemioloji normalara riayət etməyəcək. İnsanlar maska taxmayacaq və deyəcəklər ki, bəs vaksin olunublar”.

Anatoli Altşteyn bildirir ki, hazırda dünyada COVID-19-un üçüncü ciddi dalğası müşahidə olunur. O, artmaqdadır və üst səviyyəsinə, rəqəmlərə görə artıq ikinci dalğaya yaxınlaşmaqdadır. Rusiyada hazırda səngimə var, amma o, üçüncü dalğaya deyil, ikinci, çox uzun sürən, sentyabrdan bəri davam edən ikinci dalğaya aiddir.

“Bu o demək deyil ki, bizdə kifayət qədər kollektiv immunitet var və bizdə üçüncü dalğa olmayacaq. Rusiyada əhalinin 5%-i peyvənd olunub, biz dünyada birinci olmasaq da, bu da pis deyil. ABŞ-da vaksinasiya ilə bağlı durum bizdən yaxşı, Avropada isə qat-qat pisdir”, - Qamaleya İnstitutunun professoru hesab edir.

Onun fikrincə, məhz Rusiyada kollektiv immunitetin yaranmasına nail olmaq və növbəti dalğaları gözləməmək üçün indi peyvənd olunmaq vacibdir.

“Adamların iynədən qorxması məni təəccübləndirir. Şpris çox nazikdir, vaksinin materialı qıcıqlandırmır, elə bil, ağcaqanad dişləyib. İnsanlar ağcaqanad sancmağından qaçına bilməzlər ki, yaxud da onları ağcaqanadın dişləməyindən qorxmurlar ki... Yan təsirlər isə bəllidir – bir neçə saat müddətində hərarət qalxa bilər. Bu cür ziyanı vaksinin gətirdiyi  fayda ilə, xəstə adamın başına gələnlərlə müqayisə etmək, sadəcə imkansızdır”, - professor Altşteyn qeyd edib.