RUSİYA

Rusiyadan benzin çıxarılmasına qadağa qoyula bilər

Benzin "daxili bazar üçün əhəmiyyətli" məhsullar siyahısına daxil oluna və beləliklə də, zəruri hallarda Rusiya benzininin Avrasiya İqtisadi İttifaqına daxil olmayan ölkələrə ixracı qadağan oluna bilər.
Sputnik

 

BAKI, 26 aprel — Sputnik. Hazırda Rusiya hökuməti ölkədən benzinin ixracına müvəqqəti qadağan qoyulması üçün qanunvericilik bazasının hazırlanması ilə məşğuldur. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hökumət bununla bağlı olaraq Energetika Nazirliyinə "ayrı-ayrı neft məhsullarının" ixracının müvəqqəti məhdudlaşdırılması üçün müvafiq aktlar layihəsinin hazırlanmasını tapşırıb.

Məlumatda deyilir ki, benzin "daxili bazar üçün əhəmiyyətli" məhsullar siyahısına daxil oluna və beləliklə də, zəruri hallarda Rusiya benzininin Avrasiya İqtisadi İttifaqına daxil olmayan ölkələrə ixracı qadağan oluna bilər.

Xatırladaq ki, bir müddət əvvəl benzinin qiymətinin sabit saxlanması üçün Rusiya hökumətinin onun ixracını qismən məhdudlaşdıra biləcəyi barədə məlumat yayılıb.

Baş nazirin energetika məsələlərinə cavabdeh olan müavini Aleksandr Novak bildirib ki, hökumət məhdud dövr üçün bu tədbirləri dəstəkləyə bilər.

Yanacağın ixracına qoyulan qadağalar (birbaşa qadağa və ya ixrac rüsumunun artırılması şəklində) daxili bazarda onun təklifinin artmasına gətirir. Bu isə öz növbəsində qiymətlərin azalmasını şərtləndirir.