CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda tikintidə ölən və yaralananın kimliyi bilindi, cinayət işi açıldı

Cinayət işi üzrə məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Sputnik

BAKI, 26 aprel - Sputnik. Aprelin 26-da saat 16 radələrində paytaxtın Səbail rayonu ərazisində aparılan tikinti işləri zamanı bir ustanın ölməsi, digərinin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Səbail rayon Prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan bildirir ki, prokurorluğun yaydığı məlumata görə, qurumun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. 

İlkin araşdırmalarla müəyyən edilib ki, "Kristal Abşeron" MTK-nın Səbail rayonu, Q.Abbasov küçəsi 32/34 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı qaldırıcı qurğunun yerə düşməsi nəticəsində 1984-cü il təvəllüdlü Nəriman Salahov vəfat edib, 1987-ci il təvəllüdlü Aruz Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanıb. 

Cinayət işi üzrə məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.