Rahim Muradov, Sputnik Azərbaycan
BAKI, 26 aprel — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 26 kiloqamdan artıq, güclü təsiredici xassəyə malik narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun Baş inspektoru Məhəmməd Rzayevin Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, Astara RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Elvin Ağayev və əvvəllər məhkum olunmuş Sədail Mövlanov saxlanılıblar.
Keçirilən baxış zamanı S.Mövlanovun üzərindən 3 qramdan artıq narkotik vasitə tiryək aşkarlanıb. E.Ağayevin yaşadığı evə və həyətdəki yardımçı tikililərə keçirilən baxış zamanı isə ayrı-ayrı bağlamalarda ümumilikdə 23 kiloqram 510 qram narkotik vasitə heroin və 3 kiloqrama yaxın tiryək aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Aparılan araşdırma zamanı o da məlum olub ki, həmin şəxslər narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və onun deyəcəyi yerə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli idilər.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.