BAKI, 25 aprel - Sputnik. Ingenuity helikopteri Marsda üçüncü sınaq uçuşunu gerçəkləşdirərkən rekord sürət yığıb - saatda 7 km.
Sputnik Azərbaycan bildirir ki, bu barədə NASA məlumat paylaşıb. Bildirilib ki, helikopter həmçinin rekord məsafə qət edib.
Bazar günü Ingenuity ikinci sınaqda olduğu kimi 5 m yüksəkliyə qalxıb, o, 50 m məsafəyə (təxminən bir futbol meydançasının yarısı) uçub və maksimal sürət - saniyədə 2 metr (7 km/saat) sürət yığa bilib.
NASA-nın məlumatına görə, Marsdakı üçüncü sınağında göstərdiyi nəticə Ingenuity-nin Yerdə çıxdığı bütün sınaqlardan daha yüksəkdir.
Qurumun saytında helikopterin uçuşu ilə bağlı şəkillər yerləşdirilib. Birində onun uçuşu, digərində isə uçuş zamanı çəkdiyi şəkil təsvir olunub.
Ingenuity aprelin 19-da Mars səthində ilk sınağını bitirib. Həmin gün o, planetin səthindən 30 saniyə ərzində 3 m yüksəyə qalxmışdı.